Tərtərlilər niyə icra başçısından narazıdır?


Məlum olduğu kimi, ötən gün Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranışıyla gündəmə gəlib.



“Qafqazinfo” xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. İcra başçısı onun çıxışını videoya çəkən vətəndaşın üstünə qışqıraraq onunla “Yığışdır, al telefonu onun əlindən” deyə kobud şəkildə rəftar edib.

Vətəndaşlar isə öz çıxışlarında M. Məmmədovun qəbuluna gedərkən icra başçısının onlarla küçə söyüşləriylə danışdığını, onlara zülm etdiyini iddia edirlər. Bildirirlər ki, rayon rəhbəri vətəndaşlara “Gedin hara şikayət edirsinizsə edin, mənlik deyil” şəklində cavablar verir. Ümumiyyətlə, sakinlər hər hansı problemlərinin həllində Müstəqim Məmmədov tərəfindən heç bir köməklik edilmədiyini bəyan edirlər. Yayılan videoda həbsdən çıxmış vətəndaşın qəbul zamanı yenidən həbslə hədələnməsi barədə iddia da qeyd olunub.



Məsələ ilə bağlı İcra Hakimiyyəti ötən gün açıqlama yayıb. Bildirilib ki, yol tikintisi ilə bağlı siyahıyaalma zamanı məlum olub ki, tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən çox sayda sahibkarlıq obyektləri mövcuddur. Amma onlara qeydiyyatları olmadığı üçün kompensasiyanın ödənilməsi qeyri-mümkündür: "Avtomobil Yolları Dövlət Agentliyindən Tərtər Rayon İcra Hakimiyyətinə 5 may 2021-ci il tarixdə 3/16-9056 nömrəli məktub və siyahı daxil olub. Həmin məktuba əsasən rayon icra hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərin sahiblərinə yolun tikintisinə maneə törədən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib. Bu isə sahibkarların etirazına səbəb olub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı “4 yol” adlanan ərazidə olub, sahibkarlarla söhbət edərkən qeyri-etik davranış nümayiş etdirən iki nəfər şəxs özlərini təqdim etmədən telefonla çəkiliş etməyə başlayıblar. Naməlum şəxslər özlərini kobud apardıqları və heç bir təqdimat etmədikləri üçün onlara çəkiliş etməyə icazə verilməyib. Həmin şəxslərin sahibkarlarla icra hakimiyyətinin nümayəndələri arasında narazılıq yaranmasına təşəbbüs göstərmələrinə baxmayaraq, icra başçısı sahibkarlara müvafiq izahat verərək bildirib ki, tikinti zolağına düşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərə qeydiyyatları olmadığı üçün kompensasiya ödənilməsi qeyri-mümkündür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu