Benzinin qiymətini kim qaldırdı: Rövnəq Abdullayev, yoxsa Mikayıl Cabbarov?
Aİ95 və Aİ98 markalı benzininin qiymətini SOCAR qaldırır, çünki inhisarçıdır, bazara kimsəni buraxmır, qiyməti diqtə edir.
AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli benzinin qiymətinin bahalaşmasına rəy bildirərkən deyib. O bildirib ki, bu növ benzinin qalxmasının büdcəyə əlavə vəsait daxil olması ilə birbaşa əlaqəsi yoxdur: "Yəni, SOCAR Aİ95-in qiymətini 15 qəpik artırdısa, bu o demək deyil ki, həmin 15 qəpik büdcəyə gedir. Vəsait SOCAR-a daxil olur, inhisarçı monstr şirkət qazanır.
SOCAR Aİ95-in qiymət artımını "dünyada benzin qiymətləri artır, biz isə idxalçıyıq, ona görə də qiyməti artırırıq" kimi absurd tezislə əsaslandırır. Birincisi, utansınlar ki, 170 il nefçıxartma tarixi olan ölkədə keyfiyyətli benzin istehsalı qura bilmirlər, ikincisi də yalan danışırlar - ölkəyə gətirilən Aİ95 markalı benzinin 72%-ini Rusiyadan alırlar, son 2 həftədə isə Rusiyada Aİ95 markalı benzinin pərakəndə qiyməti 22 qəpik azalıb, bu gün Rusiyada pərakəndə satış qiyməti 49,76 rubldur - bu isə 1 manat 17 qəpik edir.
Topdansatış qiyməti isə 10% daha ucuzdur - SOCAR topdansatış qiyməti və daimi müştəri endirimi ilə alır, deməli, Aİ95 SOCAR-a təqribən, 1 manat 5 qəpiyə başa gəlir, daşınma xərci hər litrə görə maksimum 2-3 qəpik təşkil edir. Deməli, SOCAR ümumi həcmin 72%-i Rusiyadan 1 manat 7 qəpiyə alır, yaxşı, bəs bizə niyə 1 manat 60 qəpiyə satır?!
Cəmi 15 dəqiqə internetdə araşdırdım, Azərbaycan sərhəddinə qədər litri 42,3 rubla Aİ95 benzini tapdım, imkan versinlər, gətirim yanacaqdoldurma stansiyalarına 1 manat 25 qəpiyə satım, onlar da 5 qəpik üzərinə əlavə edib camaata 1 manat 30 qəpiyə satsınlar. Çox demirəm, ayda 10 vaqon gətirməyə imkan versinlər - gör heç edərlərmi?! Sən bazara heç kimi buraxma, rəqabət olmasın, bir şirkət bütün bazara qiymət diqtəsi etsin, sonra da bunun adını "biznes" qoy?!
Adam heç bilmir ki, indi SOCAR-ın qərarverəni kimdir, kim məsuliyyət daşıyır?! Rövnəq müəllimin səlahiyyətlərini "sünnət" edib bitirməyiblər, yaxşı, indi bu qiymət artımı ilə bağlı qərarı SOCAR-da kim verdi?! SOCAR prezidenti, ya Müşahidə Şurası?! Bəlkə İnvestisiya Holdinqi?!"