Niyə məhz "Demirören Holdinq"? - Zefer Reisoğlu ilə MÜSAHİBƏ


"Azərlotereya" ASC və onun məhsulları son dönəmlər diqqət mərkəzində olan mövzulardandır. Xüsusilə qurumun idarəetməyə verilməsi və sonrakı proseslər haqda xeyli tənqidlər səsləndirilməkdədir. "Azərlotereya"nın məhz "Demirören Holdinq" kimi qalmaqallı bir şirkətin törəməsinə idarəetməyə verilməsi isə bir qədər təəccüblə qarşılandı desək, yanılmarıq. Niyə məhz “Demirören Holdinq”? İdarəetməyə verildikdən sonra nələr dəyişdi, necə dəyişdi?


Bu və digər məsələlərlə bağlı "Azərlotereya" ASC-nin İdarə Heyətinin rəhbəri Zefer Reisoğlunun AFN.az-a müsahibəsini təqdim edirik:

- Bu ilin 6 ayında ASC-nin gəlirləri nə qədər olub? Bu, ötən ilin eyni dövründəkindən necə fərqlənir?

- Hər il “Azərlotereya” ASC qanunvericiliyə uyğun olaraq ilin nəticələrinə dair maliyyə hesabatı hazırlayır. Sonra audit olunan hesabat rəsmi saytımızda yerləşdirilir. 2021-ci ilin nəticələri barədə maliyyə hesabatı rəsmi saytımızda paylaşılıb. Cari ilin nəticələri ilə bağlı məlumatlar isə növbəti ilin ilk 6 ay ərzində təqdim ediləcək.

- ASC-nin idarəçiliyinə görə “YMT Sans B.V.” şirkəti Azərbaycan dövlətinə hansı həcmdə ödəniş edir?

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci il tarixli Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Şans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb.
Qeyd edək ki, idarəçilik müqaviləsi və qanunvericiliyə uyğun olaraq şirkətin kommersiya sirri sayılan məlumatlar paylaşılmır.

- İdarəetməyə götürüləndən bəri ASC-də çalışanların əmək haqqında hansı dəyişikliklər baş verib?

- “Azərlotereya” ASC hazırda ölkənin qeyri-neft sektorunun inkişafına, əhalinin rifah halının yaxşılaşdırılması siyasətə töhfə verən şirkətlər arasındadır. Şirkətimiz yeni iş yerlərinin yaradılmasına da töhfə verir. “Azərlotereya” ASC peşəkar kadrları işə cəlb edərək bu sahədə ən son texnoloji yeniliklərin tətbiqinə nail olmağa davam edir. Fəaliyyət sferası beynəlxalq təcrübəyə əsaslanan “Azərlotereya” ASC-nin işçilərinin əmək haqqı da rəqabətqabiliyyətli olaraq dəyərləndirilir. Bununla yanaşı, şirkətin əməkdaşları üçün könüllü tibbi sığorta və nahar pulu kimi imtiyazlar təşkil olunub.

- “YMT Sans B.V.” indiyədək ASC-yə nə qədər investisiya yatırıb? Bu investisiyalar hansı mənbədən maliyyələşdirilir?

- 2021-ci il ərzində şirkətin investisiya qoyuluşu 5,6 milyon manat təşkil edib və nəticədə uzunmüddətli aktivlər 1,1 milyon manatdan 6,7 milyon manata yüksəlib. 2020-ci illə müqayisədə 2021-ci ilin sonunda “Azərlotereya” ASC-nin cəmi aktivlərində 20 milyon manatdan çox artım olub.

- ASC-nin büdcəyə ödənişlərində hansı dəyişikliklər var idarəetməyə götürüləndən bəri?

- 2021-ci ildə “Azərlotereya” ASC-nin mənfəət vergisi olaraq dövlət büdcəsinə 5,1 milyon manatdan çox vəsait ödəyib. 2020-ci ildə isə 1,3 milyon manatdan çox vəsait mənfəət vergisi qismində ödənilib. Göründüyü kimi, ödənilmiş mənfəət vergisinin həcmində 4 dəfəyə yaxın artım olub.

- Hazırda neçə növ lotoreya oyunları keçirilir? Lotoreya oyunlarının minimum və maksimum büdcəsi (qazanılan və uduşa qoyulan vəsaitlər) nə qədərdir?

- “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalar aşağıdakılardır:
Ani lotereyalar: “10X”, "5X", “Zümrüd”, "Uğurlu 7", "Şans Ulduzu", "Qızıl"
Tirajlı lotereyalar: “Meqa 5/36”, “4+4”
Virtual lotereyalar: “Virtual idman”, “Virtual Ani”
Keno: “Ekspres Keno”, “Super Keno”

Böyük uduşlar və cekpotlar
“10X” – böyük uduş 200.000 AZN
"5X" – böyük uduş 100.000 AZN
“Zümrüd” – böyük uduş 100.000 AZN
"Uğurlu 7" – böyük uduş 50.000 AZN
"Şans Ulduzu" – böyük uduş 50.000 AZN
"Qızıl" – böyük uduş 25.000 AZN
“Super Keno” – böyük uduş 1.000.000 AZN
“Ekspres Keno” – 5 dəqiqədən bir 1.000.000 AZN qazanmaq şansı
“4+4” – minimum cekpot 850.000 manatdan çox
“MEQA 5/36” – minimum cekpot 78.000 manatdan çox
“Lotereyalar haqqında” Qanunun 6.5-ci maddəsinə uyğun olaraq ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır. “Azərlotereya” ASC-nin ani lotereyalarında bu göstərici 63-68% arasındadır. Yəni, satışdan əldə edilən gəlirin 68%-dək hissəsi uduş olaraq qaliblərə ödənilir.

- Ən çox narazılıq yaradan lotoreyalardan biri “Poz-Qazan”dır. Oyunun sıx təşkili etirazlara səbəb olur. Bununla bağlı nə deyə bilərsiniz?

- Qeyd edək ki, dünyada şans oyunları dövlət tənzimlənməsi, qanunvericiliyə əsasən təşkil edilir. Azərbaycanda da lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” Qanunla və həmin qanun əsasında qəbul edilmiş qaydalar, habelə “Azərlotereya” ASC-nin daxili siyasəti və prosedur sənədləri əsasında həyata keçirilir.
“Azərlotereya” ASC Dünya Lotereya Assosiasiyası (WLA), eləcə də Avropa Lotereyalar və Toto Assosiasiyasının (The European State Lotteries and Toto Association) üzvüdür. “Azərlotereya” ASC-nin fəaliyyəti hər zaman beynəlxalq standartlara əsaslanır. Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan şirkətimizin fəaliyyəti həmin beynəlxalq şirkətlərin meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb.
Biz hər zaman şans oyunlarına məsuliyyətlə yanaşmağı tövsiyə edirik. Bununla bağlı “Məsuliyyətlə oyna!” konsepsiyası hazırlamışıq. Adından göründüyü kimi, bu oyunlar şansdan asılıdır. Qazananların sevinci kimi, uduzanların olması da normal haldır.

- ”Azərlotereya” ASC-nin məhz “Demirören Şans Oyunları Yatırımları A.Ş.”-yə idarəetməyə verilməsinə səbəb nə oldu?

- Qlobal şirkət hesab olunan “Demirören Holdinq” Türkiyə iqtisadiyyatında önəmli rola malikdir. “Demirören Holding” iqtisadiyyata əlavə dəyər təmin etmək və istedadlı işçi qüvvəsi yaratmaq üçün enerji, media, sənaye, daşınmaz əmlak, turizm, təhsil, texnologiya və şans oyunları sahələrində fəaliyyət göstərir.
İtaliyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs reallaşdıran “Demirören Holdinq” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.
Misal üçün, holdinqə daxil olan “İddaa” Türkiyənin ilk və yeganə sabit əmsallı idman proqnoz oyunudur. Futbol, basketbol, voleybol, tennis və motor idmanları kimi idman növlərində oyunların təqdim olunduğu “İddaa”da hər gün proqnozlaşdırıla bilən matçlar, idman hadisələri və əmsallar dərc edilir. Mərc həvəskarları bir çox matçlar arasından seçim edə, öz proqnozlarını verə, həm Türkiyə, həm də xarici ölkələrin liqalarından həzz ala və matçları daha əyləncəli edə bilərlər. “İddaa” Türkiyə daxilində 5000 diler və 6 elektron diler vasitəsilə oynana bilər.
“Misli.com” 15 iyul 2009-cu ildə İdman Toto Təşkilatı ilə bağlanmış müqavilə ilə idman hadisələri əsasında sabit əmsallı mərc oyunları təklif edən qanuni elektron dilerdir “Misli.com” futbol, basketbol, voleybol, həndbol, motor və s. idman növlərini sabit əmsalı proqnozlaşdırma yolu ilə əyləncəli oyun təklif edir. “Misli.com” mobil tətbiqləri və internet saytı vasitəsilə dünya standartlarına uyğun etibarlı və keyfiyyətli şans oyunları təcrübəsi təqdim etmək missiyası çərçivəsində fəaliyyətini davam etdirir.
Dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq edən “Demirören Holding” lotereya sənayesində ən son texnoloji yeniliklərin tətbiqi ilə tanınır. Türkiyədə şans oyunlarının şəffaflıqla, yüksək təhlükəsiz şəraitdə keçirilməsini təmin edir. “Demirören Holding” şans oyunları sənayesində dünya lideri olan “Scientific Games” şirkəti ilə əməkdaşlıq edir. Şirkətin missiyası dünyanın ən yaxşı oyun və lotereya təcrübələrini yaratmaqdır. “Scientific Games” cəlbedici oyun məzmunu, peşəkar xidmətlər və marketinq həlləri portfeli, eləcə də yaradıcı məzmun və inteqrasiya olunmuş texnologiya platforması ilə çıxış edir.
Bu istiqamətdə Dünya Lotereya Assosiasiyası (WLA), eləcə də Avropa Lotereyalar və Toto Assosiasiyasının (The European State Lotteries and Toto Association) üzvü olan “Demirören Holding”in təcrübəsi “Azərlotereya” ASC-nin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşması baxımından mükəmməl nümunədir.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu