Vasif Talıbovun komandası dirənişə başladı: naxçıvanlı deputatdan AĞIR ittiham


“Naxçıvan həssas bölgədir. Həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər”.


Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Ermənilərin və digərlərinin öyrətdikləri gəlib Naxçıvan haqqında danışır. Digər rayonlarda da əməliyyat işləri aparılır, tutulanlar olur. Böyütməyə ehtiyac yoxdur. Naxçıvanla bağlı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları digər rayonlarda da yoxlanışlar edir, Naxçıvanda da nazirliklər yoxlanıldı. Ölkədə korrupsiya harada varsa, orada yoxlanışlar olur. Naxçıvan dövlətin arxasındadır, şəhid olmağa hazırdır. Xahiş edirəm ki, bu mövzuya həssalıqla yanaşılsın”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvandakı digər qurumların da ləğv olunması gözlənilir.

Hətta bəzi ekspertlər Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunması məsələsinin gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.

S.Novruzovun açıqlaması V.Talıbov komandasının dirənişindən xəbər verir. Üstəlik, deputat “erməninin öyrətdiyi adamlar” deməklə ağır ittiham səsləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu