20-yə yaxın uşağın ölümünə səbəb olan soyuqdəymə dərmanı - VİDEO + FOTO


Özbəkistanda 20-yə yaxın uşağın ölümü ilə nəticələnən “Doc-1 Maks” preparatında zəhərli etilenqlikol maddəsi aşkar edilib.


AFN.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

“İlkin laboratoriya tədqiqatları “Doc-1 Maks” şərbətində etilenqlikolun olduğunu göstərdi. Bu zəhərli maddədir, onun 95%-li məhlulunun 1-2 ml/kq miqdarında istifadəsi xəstənin səhhətində ciddi dəyişikliklərə, o cümlədən qusma, qıcolmalar, ürək-damar sistemi problemləri, kəskin böyrək çatışmazlığına gətirir”, - deyə nazirlikdən bildirilib.

Yoxlamanın nəticələrinə görə toplanmış bütün sənədlər hüquq-mühafizə orqanlarına təhvil verilib. Özbəkistanın bütün apteklərindən “Doc-1 Maks” həbləri və şərbəti müsadirə edilib.

Xatırladaq ki, ölkədə 18 uşaq kəskin respirator virus infeksiyalarına (KRVI) qarşı Hindistan istehsalı olan şərbətdən zəhərlənərək dünyasını dəyişib.

Bununla əlaqədar ölkənin Dövlət Təhlükəsizliyi Xidməti idxalçı şirkət “Quramax Medical” MMC və “Dərmanların Standartlaşdırılması Elmi Mərkəzi” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi açıb.



Təqsirləndirilən şəxslər respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına yerləşdiriliblər. Onlar tərkibində güclü təsir göstərən maddələr olan dərman vasitələrinin reseptlə pərakəndə satışı qaydasını pozmaqda ittiham olunurlar.
Xatırladaq ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 70-ə yaxın uşağın ölümünə səbəb olan dörd öskürək və soyuqdəymə şərbəti (“prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək şərbətləri, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropu) ilə bağlı xəbərdarlıq edib. ÜST Hindistan əczaçılıq şirkəti tərəfindən istehsal edilən sözügedən preparatların tərkibində dietilenqlikol və etilenqlikolun qəbuledilməz səviyyədə olduğunu bildirib. Qurumun rəsmiləri bildiriblər ki, bu şərbətlər potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olur.
Şübhəliləri 10 ildən 15 ilə qədər həbs gözləyir.



İndoneziyada isə 99 uşağın ölməsindən, 200-ə yaxın uşağın böyrək zədələnməsi ilə xəstəxanalara yerləşdirilməsindən sonra ölkədə bütün şərbət və maye dərmanların satışı dayandırılmışdı. Səhiyyə Nazirliyinin açıqlamasında, beş yaşından kiçik uşaqlara verilən öskürək şərbətlərinin bəzilərinin tərkibində lazım olduğundan çox dietilenqlikol və etilenqlikol olduğunun ortaya çıxdığı bildirilmişdi.

Mənbə: Lenta.ru



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu