Fransada müsəlman icmasını hədəf alan şəxs həbs edilib - şərti
Fransanın Sen-Jueri şəhərində müsəlman icmasını hədəf alan bir sıra aksiyalar həyata keçirən şəxslə bağlı məhkəmə 10 aylıq həbs qərarı çıxarıb.
AFN.az Fransanın “La Depeche du Midi” qəzetinə istinadən xəbər verir ki, 2022-ci ilin noyabr ayının sonlarında Saint-Juery şəhərində pizza və kabab dükanının və məscidin pəncərəsinə daşlar atılıb. Aralarında Şimali Afrika ailəsinin də olduğu vətəndaşların avtomobillərinin şüşələri sındırılıb. Hadisəni törədən şəxs şahidlər və pizza mağazasının təhlükəsizlik kamerası görüntüləri ilə müəyyən edilib. Pəncərələri sındırılan Şimali Afrikalı ailə evlərinin qarşısına kameralar yerləşdirib. Bununla da onlar ikinci aksiya zamanı, avtomobili zədələnəndə hadisəni törədənin qonşularının oğlu olduğunu müəyyən ediblər. Evində saxlanılan və müvəqqəti həbs edilən 28 yaşlı gənc dünən Albi Cinayət Məhkəməsində hakim qarşısına çıxıb. Təhlükəsizlik kamerasının görüntülərinə baxmayaraq, ona qarşı irəli sürülən ittihamları qəbul etməyən 28 yaşlı gənc irqçi olmadığını və İslamla probleminin olmadığını bildirib. 28 yaşlı gəncin atası müstəntiqlərə bildirib ki, oğlunun psixoloji problemləri var və əvvəllər xəstəxanaya yerləşdirilib.
Məhkəmə sözügedən şəxsə 10 ay şərti cəza kəsib, müalicə olunmaq öhdəliyi, zərərçəkmişlərlə ünsiyyətə qadağa qoyub. Həmçinin onun zərərçəkənlərə təzminat ödəməsi də qərarda əksini tapıb.