Putin Britaniya və Ukraynanı təhdid etdi


Rusiya prezidenti Vladimir Putin Britaniyanın Ukraynaya tükənmiş uran sursatlarını göndərəcəyi təqdirdə lazımi cavabı verəcəklərini açıqlayıb.


AFN.az xəbər verir ki, Putin bu haqda Çin lideri Tsi Cinpinlə birgə keçirdiyi mətbuat konfransında bildirib. Tsi Cinpinlə danışıqların “uğurlu”, “konstruktiv” və “səmimi” keçdiyini bildirən Putin, iki ortaq bəyanat imzaladıqlarına diqqət çəkib. Rusiya prezidenti bu sənədlərin Rusiya və Çin arasında dostluğu daha da gücləndirəcəyinə, iki dövlətin və xalqın sabitliyini təmin edəcəyinə ümid etdiyini bildirib.

Çinə nüvə stansiyalarının tikintisində kömək etdiklərini bildirən Putin mülki təyyarə və vertolyot istehsalı, metallurgiya, kosmos və tibb kimi sahələrdə müxtəlif ortaq layihələr həyata keçirdiklərini bildirib. Ötən il kənd təsərrüfatı sahəsində ikitərəfli ticarət həcminin 41 faiz artdığını xatırladan Putin, iki ölkənin beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirəcəklərini qeyd edib.

Putin həmçinin iki ölkənin beynəlxalq və regional məsələlərdə eyni və ya yaxın mövqeyə malik olduqlarını vurğulayıb. O, dünyanın bir çox yerində gərginliyin artdığına, qlobal siyasi və iqtisadi böhranların yaşandığına, siyasi məqsədlər üçün qeyri-qanuni sanksiyaların tətbiqinə diqqət çəkib. Digər ölkələrin daxili işlərinə qarışmamaq, suveren inkişaf, müasir texnologiyalara və təhsilə çıxış, azad ticarət kimi təməl prinsiplərin son zamanlar pozulduğunu bildirən Putin, "Bu kontekstdə Rusiya və Çin hərbi, siyasi və iqtisadi maraqları əldə etmək üçün istənilən addımı atıb, başqa ölkələrin qanuni maraqlarına zərər vuran hər hansı dövlət və ya ittifaqa qətiyyətlə qarşı çıxır" - deyə vurğulayıb.

Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatları göndərəcəyi ilə bağlı açıqlamasını dəyərləndirən Putin, "Bu baş verərsə, Rusiya lazımi cavab verməli olacaq" ifadəsini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu