İnam Kərimovdan olan şikayətimə İnam Kərimov baxacaq - Qalib Toğrul


İnam Kərimov nazir olandan sonra qapalı quruma çevrilən Kənd Təsərrüfatı Nazirliyinə İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri kimi 10-dan çox sorğu göndərmişəm.


AFN.az xəbər verir ki, bunu Mərkəzin İdarə Heyətinin rəhbəri Qalib Toğrul bildirib. Onun sözlərinə görə, nazirlik verilən sorğuların bəzilərinə ümumiyyətlə cavab verməyib, bəzilərini isə cavablandırıblar: "Amma başdansovdu, necə gəldi cavablar verilib. Nazirlik 2021-ci ilin yanvarında göndərdiyim sorğuya cavab verməkdən imtina edəndən sonra qərara gəldim ki, “İnam müəllimin kontorunu” məhkəməyə verim. Təbii ki, aşağı instansiya məhkəmələri (Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi) iddiamı təmin etmədi, mən də üz tutdum Ali Məhkəməyə. “Ölkənin nüfuzunu qorumaq”da iddialı olan Ali Məhkəmə isə İnsan hüquqları üzrə Avropa Məhkəməsinə getməməsi üçün işi 12 oktyabr 2022-ci ildə yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytardı. Bu arada Ali Məhkəmənin 13 səhifəlik qərarını oxuyub başa düşənə eşq olsun, necə deyərlər, bir çəkic nala, bir çəkic mıxa. Qərardan belə çıxır ki, iddiamın təmin olunmamasında ikimiz də günahkarıq, mən də, Apellyasiya Məhkəməsi də.
Bakı Apellyasiya Məhkəməsi işə mayın 11-də baxacaq. İndi Apellyasiya Məhkəməsi iddiamı təmin etməsə, mən də acığa düşüb yenidən Ali Məhkəməyə müraciət etsəm, belə çıxır ki, kənd təsərrüfatı naziri İnam Kərimovdan olan şikayətimə Ali Məhkəmənin sədri İnam Kərimov baxacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu