İsveç NATO-ya üzvlük üçün Türkiyənin əsas şərtlərindən birini yerinə yetirdi


İsveç Parlamenti Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsi üçün əsas şərtlərdən biri olan konstitusiya dəyişikliyi çərçivəsində terrorla mübarizə ilə bağlı yeni cəza qanun layihəsini təsdiqləyib.


AFN.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, parlamentdə keçirilən səsvermədə terrorla mübarizəyə dair yeni cəza qanunu 268 “hə”, əleyhinə 34 “xeyr” səsi ilə qəbul edilib. Sol Partiya və Yaşıllar Partiyasının qarşı çıxdığı konstitusiya dəyişikliyinə səsvermədə 47 nəfər iştirak etməyib.

İsveç Xarici İşlər Naziri Tobias Billström terror təşkilatı PKK/YPG ilə bağlı açıqlama verib. O, ötən ay “Dagens Nyheter” qəzetinə verdiyi açıqlamada Türkiyənin qeyd-şərtlərinin İsveçdə iyunun 1-də qüvvəyə minəcək yeni terror cinayət məcəlləsi ilə də qarşılanacağını bildirib.

Terror təşkilatı PKK/YPG-nin İsveçdəki fəaliyyətinə də toxunan Billström "PKK-nın torpaqlarımızdakı fəaliyyəti çox genişdir. Türkiyəyə qarşı terror fəaliyyətlərini maliyyələşdirmək üçün hər yola əl atırlar. Əlavə olaraq narkotik ticarəti və digər qanunsuz əməlləri üçün vətənimizi mərkəz seçiblər. Bundan başqa ölkəmizdən terrorizm üçün baza kimi istifadə edirlər və biz bu fəaliyyətlərin qarşısını almaq üçün daha da ciddi yanaşmalıyıq" - sözləri işlədib.

Qanun layihəsinə görə, terror təşkilatını dəstəkləmək, gücləndirmək və ya təşviq etmək məqsədi ilə fəaliyyətlərdə iştirak edənlər 4 il həbs cəzası ala bilərlər. Ağırlaşdırıcı səbəblər varsa, bu cinayətlərə görə cəza minimum 2, maksimum 8 il həbs olacaq.

Silah, sursat, yanar və partlayıcı maddələr, nəqliyyat dəstəyi, torpaq və əmlakın terror təşkilatına icarəyə verilməsi kimi cinayətlərdə iştirak edənlərə 4 ilə qədər həbs cəzası verilə bilər. Bu cinayətlər üçün ağırlaşdırıcı səbəblər varsa, 1,5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Qanun layihəsi hakimiyyət orqanlarına terror təşkilatlarını maliyyələşdirən və ya başqa yolla dəstək verən insanları həbs etmək və mühakimə etmək üçün daha geniş səlahiyyətlər verir.

Təsdiqlənmiş qanun layihəsi iyunun 1-dən qüvvəyə minəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu