Almaniyada apteklərin əksəriyyəti əczaçıların etirazlarına görə bağlanıb
Almaniya Əczaçılıq Assosiasiyaları Federal Birliyinin ölkə daxilində etirazlar günü elan etməsi əksər apteklərin bağlanmasına səbəb olub.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Birliyin 14 iyun tarixini milli etiraz günü elan etməsilə dərmanların tədarükü yalnız təcili apteklər vasitəsilə həyata keçiriləcək. Apteklərin bağlanması ilə yanaşı, dövlət aptek assosiasiyaları və palataları öz mövqelərini insanlara çatdırmaq üçün Almaniyanın bir çox regionlarında mərkəzləşdirilmiş tədbirlər planlaşdırıblar. Bu barədə assosiasiyanın saytında məlumat verilib.
Berlin, Düsseldorf, Münster, Visbaden, Marburq və Auqsburq da daxil olmaqla ölkənin bir çox şəhərlərində etirazlar keçirilir. Etirazçılar apteklərə əlavə maliyyə dəstəyi və bürokratik sistemin sadələşdirilməsini tələb edirlər.
"Deutsche Apotheker Zeitung"un polisə istinadən verdiyi məlumata görə, Berlin etirazında 3800-ə yaxın insan iştirak edir.
Almaniyada antibiotiklər, ağrıkəsicilər, uşaqlar üçün qrip siropları və xərçəng dərmanları da daxil olmaqla dərmanların tədarükündə uzun müddət fasilələr olduğu bildirilirdi. Qeyd edilir ki, aprel ayında 480 dərman vasitəsinin tədarükündə fasilələr yaranıb.
Belə ki, Almaniya Federal Tibb Palatası hökuməti xaricdən dərman preparatlarının tədarükündə uzunmüddətli fasilələr fonunda həyati vacib dərmanların milli ehtiyatını yaratmağa çağırıb.