NATO Ukraynaya dəstək üçün genişmiqyaslı saziş elan etməyə hazırlaşır

NATO müttəfiqləri Ukraynanı dəstəkləmək üçün multidissiplinar strukturun yaradılmasını nəzərdə tutan genişmiqyaslı sazişi elan etməyi planlaşdırır.
AFN.az-ın xəbərinə görə, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat verir.
Müvafiq elan Şimali Atlantika Alyansının iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammiti zamanı veriləcək. Xüsusən də mənbə Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və digər müttəfiqlərin belə bir mesaj verəcəklərini bildirir.
Bu təşəbbüsün ölkələrin hərbi və maliyyə dəstəyi göstərmək üçün ikitərəfli öhdəliklər götürə biləcəyi çoxtərəfli çərçivə yaradacağı gözlənilir.
Bundan əvvəl məlum olmuşdu ki, NATO-nun bir sıra ölkələri qarşıdan gələn sammitə qədər “son anda” Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəliblər.