KİV: Zelenski öldürüləcəyi təqdirdə Ukraynanı gözləyən ssenari ilə bağlı plan hazırlanıb


Ukrayna Prezidenti Volodimir Zelenski öldürüləcəyi təqdirdə Ukraynanı gözləyən ssenari ilə bağlı plan hazırlanıb.


“Report” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri yazıb.

Bildirilib ki, Ukrayna rəsmiləri bu barədə açıq danışmaqdan imtina etsələr də, artıq konkret ssenari var: “Keçən il ABŞ-ın dövlət katibi Antoni Blinken müsahibəsində “hökumətin davamlılığı ilə bağlı ukraynalıların planları var” deyərkən əslində buna işarə etmişdi”.

Müəllif qeyd edib ki, prezidentə mümkün sui-qəsd məsələsi nə Ukraynada, nə də Qərbdə diqqətdən kənarda qala bilər: “Volodimir Zelenski, sadəcə olaraq, dövlətin formal lideri deyil. O, Rusiyaya qarşı mübarizəyə beynəlxalq dəstəyin cəlb edilməsində şəxsən əsas rol oynayır. Genişmiqyaslı müharibənin əvvəlində Rusiya tərəfi Zelenskini aradan götürmək üçün bir neçə dəfə cəhd edib. Rusiyanın radikal deputatları və hərbi jurnalistlər hələ də müntəzəm olaraq Zelenskini öldürməyi tələb edirlər”.

Nəşrin yazdığına görə, məhz ehtimal edilən təhlükələrə görə, Zelenskinin xarici səfərləri son dərəcə məxfiliklə hazırlanır: “Bu ilin fevralında onun Brüsselə səfəri üç gün əvvəldən açıqlandı. Bu isə dövlət başçısı üçün təhdid yaratdı”.

Bildirilib ki, konstitusiyaya görə, prezident öz vəzifələrini icra edə bilməyəndə onun səlahiyyətləri Ukrayna Ali Radasının sədrinə keçir: “Amma Ali Radanın hazırkı sədri Ruslan Stefançuk əhali arasında o qədər də yüksək etimada malik deyil. Ona görə də Zelenskinin yoxluğunda Stefançuk, Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitro Kuleba və müdafiə naziri Oleksiy Reznikov birlikdə dövlətə rəhbərlik edəcək. Valeri Zalujnı isə ordunun baş komandanı postunda qalacaq. Ölkədə ciddi həmrəylik və milli birlik var. Ona görə də Zelenskinin yoxluğunun nəticəsi fəlakətli olmayacaq. Avtokratların öldürülməsi ölkənin təsisatlarında əhəmiyyətli dəyişikliklərə səbəb olur, lakin demokratların öldürülməsi elə deyil”.

Xatırladaq ki, ABŞ-ın bir sıra analitiklərinin fikrincə, indiyədək Zelenskiyə qarşı ən azı 12 sui-qəsd cəhdi olub. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, müharibənin ilk həftələrində Zelenskiyə qarşı ən azı 10 sui-qəsd cəhdi olub.

Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov isə söyləyib ki, Zelenski təhlükəsizlik orqanlarının onun həyatına sui-qəsd xəbərdarlıqlarından artıq təngə gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu