Britaniya polisinin keçirdiyi əməliyyat zamanı 2 milyon funt-sterlinq dəyərində vaza ələ keçirilib
London polisi 2019-cu ildə İsveçrənin Cenevrə şəhərindəki bir muzeydən oğurlanan və 3,5 milyon funt-sterlinq dəyərində 15-ci əsrə aid tarixi vazanın tapılaraq götürüldüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, bu işdə 3 nəfərin günahkar olduğu bildirilib.
2019-cu ildə Cenevrədəki Uzaq Şərq İncəsənət Muzeyindən oğurlanan 3 əsərdən Çindəki Min sülaləsinə aid çini vaza üçün 2021-ci ildə Londonda əməliyyat keçirilib. Vazanın olduğu yerlə bağlı araşdırma 2020-ci ildə bir auksion evi qiymət təyin etmək tələbi ilə e-məktub aldıqdan sonra başlayıb. Güldanın oğurlanmış əşya olduğunu anlayan hərrac evi London polisi ilə əlaqə saxlayıb.
Elektron məktubun göndərildiyi ünvanı müəyyən edən Britaniya polisi burada yaşayan Devid Lamminqə alıcı kimi yaxınlaşaraq vaza üçün təklif irəli sürüb. Qiymətli əşyanı avtomobili ilə otelə gətirən Nkhava və Kaine Vrayt mülki geyimli polislər tərəfindən saxlanılıblar. Onlar vazanı 450 min funt sterlinqə satmağa hazırlaşırmışlar.
Vazanın 2021-ci ildə İsveçrəyə təhvil verildiyi vurğulanan açıqlamada, dünən Londonda Southvark məhkəməsində keçirilən iclasda həbs olunan 3 nəfərin oğurlanmış tarixi əsərləri satdıqları üçün həbs cəzasına məhkum edildiyi bildirilib.
Açıqlamada sözügedən vazanın faktiki dəyərinin 2 milyon funtsterlinq olduğu da qeyd edilib.
Polis həmçinin vurğulayıb ki, əməliyyat və məhkəmə prosesi 4 ildir İsveçrə qurumları ilə birgə həyata keçirilir.
Polis 2019-cu ildə Cenevrədəki muzeydən itən 3 əsərdən birinin 2019-cu ildə Honq-Konqda keçirilən hərracda 80 min sterlinqə satıldığını, lakin sonradan muzeyə qaytarıldığını bildirib və vətəndaşlardan üçüncü vazanın tapılması üçün dəstək istəyib.
London Böyükşəhər Polis Xidməti qabın tapılmasına kömək edən şəxslərin 10 min funt sterlinqlə mükafatlandırılacağını açıqlayıb.