ABŞ-da listeria bakteriyası ilə çirklənmiş içki qəbul edən 3 nəfər ölüb
ABŞ-ın Vaşinqton ştatının Tacoma şəhərində dondurma aparatlarının düzgün təmizlənməməsi səbəbindən ortaya çıxan listeria bakteriyası ilə çirklənmiş "milkshake" adlı içkini qəbul edən 3 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
Vaşinqton Ştat Səhiyyə Departamenti rəsmiləri Frugal adlı restoranda dondurma aparatlarının təmizlənməməsinin qidadan qaynaqlanan “Listerioz epidemiyası”na səbəb olduğunu və listeria bakteriyasına yoluxan 3 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.
Departament 27 fevral və 22 iyul tarixlərində xəstəxanaya yerləşdirilən altı nəfərin də süd kokteyllərindən eyni bakteriya ilə xəstələndiyini müəyyən edib.
Xəstələnən 6 nəfərin 40-79 yaş arasında olduğu və immun sistemlərinin zəiflədiyi bildirilib.
Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üzərində təsirli olduğu bilinən listeria bakteriyası adətən torpaqda, suda və heyvanlarda olduğu üçün qida yolu ilə insanlara bulaşır.
Yüksək hərarət, baş ağrısı, kramp, ürəkbulanma və ishal kimi simptomlarla ortaya çıxan xəstəlik körpələrdə, yaşlılarda və immun sistemi zəif olan insanlarda ölümcül təsir göstərir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, ABŞ-da hər il təxminən 1600 nəfər listeriyaya yoluxur və onlardan 260-ı ölür.