İsrailin müdafiə naziri: “HƏMAS-ı tamamilə məhv etməkdə qərarlıyıq, reallığı dəyişəcəyik"
“HƏMAS-ı tamamilə məhv etməkdə qərarlıyıq”.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu müharibə İsrailin gələcəyinə təsir edəcək: “Biz yer üzündəki reallığı dəyişəcəyik. Bu müharibə uzun və çətin olacaq, lakin biz qalib gələcəyik. Bütün çətinliklərə baxmayaraq, vətəndaşlarımızı istənilən təhlükədən qorumağa hazırıq”.
Nazir bildirib ki, oktyabrın 7-də baş verən hücum zamanı HƏMAS-ın minlərlə silahlısı İsrailə sızıb: “Onlar cənub sərhədimizi keçib. 1945-ci ildən bəri yəhudi xalqının başına belə bir hadisə gəlməyib. Bu toqquşma nəticəsində 100-dən çox adam oğurlanıb, 1000-dən çox insan öldürülüb, 3000-dən çox adam yaralanıb. Ölkəyə 5000-dən çox raket atılıb”.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ümumilikdə ölənlərin sayı 1 300-ə çatıb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.//“Report”