İsrailin ən böyük qorxusu: qiyamət ssenarisi - HƏMAS-dan da böyük TƏHLÜKƏ


İsrailin qurudan hücuma keçəcəyi təqdirdə müharibəyə qoşulmağa tam hazır olduğunu açıqlayan "Hizbullah" “ikinci cəbhə” ilə bağlı narahatlıqları artırıb. HƏMAS-dan qat-qat güclü silahlara və daha təcrübəli döyüşçülərə sahib olduğu deyilən "Hizbullah"ın böyük bir atəşi alovlandıracağı ehtimal edilir.



İsrail-HƏMAS müharibəsində qarşıdurmalar 11-ci gündə də davam edir. Quru hücumuna hazırlaşan İsrail Qəzzanı tamamilə mühasirəyə alıb və sərhədlərdə böyük bir hərbi baza qurub. Livan "Hizbullah"ı isə Tel-Əviv rəhbərliyinin qurudan hücuma keçəcəyi təqdirdə müharibəyə qoşulmağa "tam hazır olduğunu" açıqlayıb.

Bəs, "Hizbullah"ın müharibədə iştirakı tarazlığı necə dəyişəcək? Bu gün dünya mediasında gedən təhlillərdə "Hizbullah"ın müharibəyə qoşulmasının HƏMAS və Qəzzaya olan təzyiqləri azaldacağı, lakin Livan və İsrail üçün dağıdıcı nəticələrə səbəb olacağı iddia edilib.

İsrail və "Hizbullah" sonuncu dəfə 2006-cı ildə baş verən və 34 gün davam edən “Livan müharibəsi”ndə üz-üzə gəliblər. Hər iki tərəf qələbəni elan etsə də, müharibənin qalibi olmayıb, uduzan tərəf isə livanlı sivillər olub. Toqquşmalar 1100-dən çox Livan vətəndaşının və 165 israillinin ölümü ilə nəticələnib.

Təl-Əviv administrasiyası 2006-cı ildən "Hizbullah"la müharibəyə qayıtmaqdan yayınsa da, İsrail və Livan arasında BMT-nin nəzarətində olan "Mavi Xətt" boyunca gərginlik yay boyu yüksək idi. Oktyabrın 7-də baş verən toqquşmalarla gərginlik pik həddə çatdı və "İsrail üçün yeni bir cəbhə açılırmı?" sualı gündəmə gəldi.

İsrail 50 il əvvəl Yom Kippur müharibəsindən sonra iki cəbhəli müharibədə olmayıb. İsraillilərin illərdir xəbərdarlıq etdikləri “çox cəbhəli” müharibə riski indi onlar üçün əsas təhlükə olaraq qalır. İngilis mediası İsrailin günlərdir gözlənilən quru hücumunun ləngiməsinin səbəblərindən birinin bu olduğunu iddia edərkən, Amerika rəsmiləri İsrailə göndərdikləri hərbi yardımların və yerləşdirmələrinin "Hizbullah"ı ən azından hələlik dayandıracağını bildirirlər.

HƏMAS-dan qat-qat güclü silahlara sahib olan "Hizbullah"ın müharibəyə qoşulması İsrail üçün qiyamət ssenarisi kimi qiymətləndirilir.

"Hizbullah"ın son 17 ildə hərbi imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirdiyini ifadə edən analitik Nikolas Blanford “Əl Cəzirə”yə verdiyi açıqlamada qrupun İsraili vuracaq 3-5 min döyüşçüsünün və qısa mənzilli raketlərinin olduğuna diqqət çəkərək, “Hizbullah indi 1948-ci ildə yəhudi dövlətinin qurulmasından bəri İsrailə ən böyük ziyanı vuracaq vəziyyətdədir” ifadələrini işlədib.

"Hizbullah"ın tam zamanlı və ehtiyatda olanlar da daxil olmaqla, ümumilikdə 60 min döyüşçüsünün olduğu təxmin edilir. Bundan əlavə, 2006-cı ildə 14 min olan raket ehtiyatının indi 150 minə yüksəldiyi də düşünülür.

ABŞ-ın “New York Times” qəzeti "Hizbullah"ın böyük arsenalı və minlərlə təcrübəli döyüşçüsü ilə HƏMAS-dan daha ciddi təhlükə yaratdığını qeyd edib. İngilis "Teleqraf" qəzeti isə "Hizbullah"ın Suriyada da varlığını ifadə edərək, "regional qarşıdurma" riskinə diqqət çəkib.

Heç kimin istəmədiyi ən dəhşətli ssenarinin "qlobal müharibə" olduğunu bildirən "Teleqraf" qəzeti "Hizbullah"ın müharibəyə qarışması ilə alovlanan yanğının İran, İraq və Yəmənə də keçə biləcəyini iddia edib.

"Hizbullah" və İranın müharibəyə qatılacağı təqdirdə ABŞ-ın hər iki tərəfə birbaşa hücuma keçməsi üçün böyük təzyiqlə üzləşəcəyini bildirən qəzet, sonda ABŞ və İranın üz-üzə gələ biləcəyini iddia edərək, ABŞ-İran gərginliyində Rusiyanın müttəfiqi İranın yanında olacağını yazıb.//Publika.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu