Rusiya nümayəndəsi 1946-cı ildən bəri ilk dəfə BƏM hakimlərinin tərkibinə daxil edilməyib
2015-ci ildən Haaqa Beynəlxalq Məhkəməsinin hakimi olan Rusiya nümayəndəsi Kirill Gevorgyan ikinci müddətə yenidən seçilməyib.
Bu gün BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı o, Baş Assambleyanın 117 üzvünün dəstəklədiyi Rumıniya nümayəndəsi Boqdan-Lusyan Aureskuya uduzub.
Sovet və Rusiya hakimləri 1946-cı ildən Birləşmiş Millətlər Təşkilatının məhkəmə sistemində çalışırlar. Beləliklə, ilk dəfə olaraq Beynəlxalq Ədalət Məhkəməsində Rusiya nümayəndəsi olmayacaq.
Aureskudan başqa, Beynəlxalq Ədalət Məhkəməsinə daha üç yeni hakim - Sara Hull Klivlend (ABŞ), Xuan Verduzko (Meksika) və Dire Tladi (Cənubi Afrika) və bir hazırkı hakim, Avstraliya nümayəndəsi Hilari Çarlzvort seçilib.
Beynəlxalq Ədalət Məhkəməsi səlahiyyət müddəti doqquz il olan 15 hakimdən ibarətdir. Eyni zamanda, boş qalan 5 yer üçün hər üç ildən bir seçkilər keçirilir. Ardıcıl bir neçə müddətə xidmət etmək üçün heç bir qadağa yoxdur.