Zaqallonun ölümündən sonra Braziliyada 3 günlük milli matəm elan edilib
Braziliya prezidenti Luiz İnasio Lula da Silva Braziliya milli komandasının futbolçusu, məşqçisi və koordinatoru kimi 4 dəfə dünya çempionu olmuş Mario Zaqallonun vəfatından sonra 3 günlük milli matəm elan edib.
Zaqallonun yanvarın 6-da 92 yaşında vəfat etməsindən sonra açıqlama verən Lula da Silva, "Əbədi Mario Zaqallonun xatirəsinə ölkədə 3 günlük rəsmi matəm elan olunub" - deyə qeyd edib.
Lula da Silva Zaqallonun bütün zamanların ən güclü heyəti olaraq tanınan Braziliya milli komandasının məşqçisi olduğunu deyib: "O, bütün zamanların ən yaxşı futbolçularından və məşqçilərindən biri, böyük bir qalib və Braziliyanın simvolu idi".
Zaqallo həm oyunçu, həm də məşqçi kimi Dünya Kubokunu qazanan ilk şəxs olub.
Mario Zaqallo sonuncu dəfə 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında çempionluq qazanan məşqçi Karlos Alberto Parreyranın komandasının Braziliyada koordinatoru vəzifəsində çalışıb.
Pelenin ölümündən sonra Zaqallo Braziliya yığmasının heyətində 1958-ci ildə Dünya Kubokunu qazanan komandanın sağ qalan sonuncu üzvü idi.
33 dəfə millinin formasını geyinən Zaqallo bütün futbolçu karyerasını Flamenqo və Botafoqoda keçirib.