Tesla 2,2 milyon avtomobili geri çağırır


Elektrikli avtomobil istehsalçısı Tesla təxminən 2,2 milyon avtomobili geri çağırıb. Buna səbəb bəzi avtomobillərinin xəbərdarlıq işıqlarında yazı ölçüsünün çox kiçik olmasıdır.


ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasında qeyd olunub ki, Tesla 2012-2023 Model S, 2016-2024 Model X, 2017-2023 Model 3, 2019-2024 Model Y və 2024 Cy modellərini geri çağırıb.

Açıqlamada həmin avtomobillərdə əyləc, dayanacaq və bloklanma əleyhinə əyləc sisteminin (ABS) xəbərdaredici işıqlarının cihaz panelində səhv şrift ölçüsünün göstərildiyi və bu səbəbdən onların müvafiq təhlükəsizlik standartlarına uyğun olmadığı bildirilib.

Qeyd edilib ki, daha kiçik şrift ölçülərinə malik xəbərdarlıq işıqları paneldəki təhlükəsizlik məlumatlarını oxumağı çətinləşdirərək qəza riskini artıra bilər.

Geri çağırışdan təsirlənən potensial avtomobil sayının 2 milyon 193 min 869 olduğu bildirilən açıqlamada, Teslanın problemi həll etmək üçün uzaqdan edilə bilən bir proqram yeniləməsi çıxardığı qeyd edilib.

Həmçinin bildirilib ki, 30 mart tarixindən etibarən geri çağırışdan təsirlənən avtomobil sahiblərinə bildiriş göndəriləcəyi gözlənilir.

Keçən ilin dekabr ayında Tesla avtopilot kimi tanınan qabaqcıl sürücüyə dəstək sistemində idarəetmə problemini həll etmək üçün 2 milyondan çox avtomobilini geri çağırıb.

Keçən həftə ABŞ-da arxa kameranın ekranda görünməsinə mane olan proqram qeyri-sabitliyi səbəbindən təxminən 200 min Tesla avtomobili üçün proqram yeniləməsinin ediləcəyi açıqlandı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu