İrandakı səfirliyimiz bərpa edilir? - AÇIQLAMA
"Yaxın vaxtlarda Tehrandakı səfirliyimizin fəaliyyəti bərpa oluna bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə barəsində İran məhkəməsinin edam hökmü çıxarması fonunda, səfirliyimizin fəaliyyətinin bərpası mümkünlüyündən danışarkən deyib.
"Güman edirəm ki, səfirliyimizin fəaliyyəti bərpa ediləcək. Çünki hazırda iki ölkə münasibətlərində ciddi problem yoxdur, son aylarda iki ölkə baş prokurorları arasında danışıqlar aparılıb. Həmçinin İran rəsmiləri XİN başçısı Bakıya səfər etdi və münasibətlərin normallaşması ilə bağlı mesajlar verildi", deyə Kənan Rövşənoğlu bildirib.
Ekspert bildirib ki, Azərbaycan səfirliyə hücumun ədalətli araşdırılması və günahkarlarin cəzalanmasını tələb edir:
"Başqa bir tələb yoxdur. Həmçinin əlaqələrin normallaşması prosesinin başlandığını nəzərə alsaq, düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini yenidən bərpa edə bilər".
Qeyd edək ki, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində səfirliyin bir nəfər əməkdaşı həlak olub, iki nəfər isə yaralanıb. Bununla bağlı bir ilə qədər davam edən istintaq prosesi nəhayət başa çatıb. Bu terror aktını törədən Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılıb.