Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarmağı təklif edir
Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Kremlə Taliban hərəkatının ölkədə qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasını təklif edib.
Kabulov paytaxt Moskvada Əfqanıstanla bağlı jurnalistlərə açıqlama verib.
Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Talibanın terror təşkilatı statusunun qaldırılması ilə bağlı işləri tamamladığını və işin nəticələrinin Kremlə çatdırıldığını bildirən Kabulov, “Biz buna müsbət baxırıq. Bu, Taliban administrasiyasının tanınması üçün lazım olan bir prosesdir, buna görə də bütün məsələlər qiymətləndirilir" - deyə qeyd edib.
Rusiya 2003-cü ildə Talibanı qadağan olunmuş terror təşkilatları siyahısına daxil edib.