Cəmil Məmmədlinin apellyasiya şikayəti üzrə məhkəmə başladı


Jurnalist Cəmil Məmmədlinin apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə ilkin baxış iclası keçirilib.


Bu barədə Qaynarinfo-ya jurnalistin vəkili Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. Jurnalistin özü məhkəmədə iştirak etməyib.

Vəkil bildirib ki, Cəmil Məmmədli apellyasiya baxışında özünün də iştirakı ilə məhkəmə istintaqının aparılmasını istəyir. "Hakim bildirdi ki, növbəti iclasda Cəmil Məmmədli videokonfars vasitəsilə prosesə qoşulacaq. Özünün məhkəməyə gətirilməsinə gəlincə, hakim bildirib ki, onun bu barədə məktubu hələ məhkəməyə çatmayıb. Məktub çatdıqdan sonra bu məsələyə baxıla bilər", vəkil əlavə edib.

Fariz Namazlı qeyd edib ki, məhkəmə baxışı iyunun 12-nə təyin edilib.

Cəmil Məmmədli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 12 gün müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

Jurnalistə ittiham olunduğu 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələr üzrə bəraət verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu