Paris Olimpiadasında rekord istilik riski idmançıların həyatı üçün təhlükə yarada bilər
Aparıcı olimpiya idmançıları alimlərlə bir araya gələrək, gələn ay başlayacaq Paris 2024 Olimpiya Oyunlarında həddindən artıq istilərin idmançıların həyatı üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Dünya üzrə 11 olimpiya idmançısı, İngiltərənin Portsmut Universiteti, Britaniya İdmanda Davamlılıq Assosiasiyası, ABŞ-da yerləşən Climate Central tədqiqat təşkilatı və idmançılar tərəfindən yaradılmış Avstraliya mərkəzli Frontrunners hərəkatı tərəfindən hazırlanmış "Od halqaları: 2024-cü il Paris Olimpiadasında istilik riskləri" hesabatı nəşr olunub.
Məlumata görə, Parisdə temperaturun 30 dərəcədən yuxarı olduğu günlərin sayı artıb. Fransada Olimpiya oyunlarının keçirildiyi dövrdə orta temperaturun 3,1 dərəcə, gecə temperaturunu təmsil edən orta minimum temperaturun isə 3,3 dərəcə yüksək olacağı proqnozlaşdırılır.
Tokioda keçirilən Olimpiya oyunlarının tarixin ən istisi olduğuna diqqət çəkən idmançılar havanın temperaturunun 34 dərəcəni, rütubətin isə 70 faizi keçdiyini vurğulayıblar.
İqlim dəyişikliyinə görə temperatur rekordlarının dəfələrlə qırıldığı bu dövrdə Paris 2024 Olimpiya Oyunlarında temperaturun Tokiodakı temperaturu keçə biləcəyi və həyati təhlükə yarada biləcəyi xəbərdarlığı edilib.
Hesabatda həddindən artıq istidən qaçınmaq üçün idmançılar üçün ağıllı proqramlaşdırma, daha yaxşı rehidrasiya və soyutma planları, iqlim dəyişikliyi ilə bağlı idmançılara dəstək, idman təşkilatları və idmançılar arasında iqlimlə bağlı maarifləndirmə kampaniyalarında əməkdaşlığın artırılması, həmçinin idmanda fosil yanacaq sponsorluğuna yenidən baxılması tövsiyələri daxil edilib.