Çinin keçmiş müdafiə naziri Kommunist Partiyasından xaric edilib


Çin Xalq Respublikasının keçmiş müdafiə naziri Li Şanfu ciddi intizam pozuntularına yol verdiyinə görə Çin Kommunist Partiyasının (ÇKP) sıralarından xaric edilib. Həmçinin onun ÇKP-nin 20-ci Milli Konqresinin nümayəndəsi statusu ləğv edilib.


"Sinxua" agentliyinin verdiyi məlumata görə, keçmiş nazir rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.

“Yüksək partiya və ordu rəhbərliyinin nümayəndəsi kimi Li Şanfu ilkin missiyadan imtina edib və partiyaya üzvlük prinsipini itirib, onun hərəkətləri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və ÇKP Hərbi Şurasının etimadını doğrultmayıb. Mərkəzi Komitə hesab edir ki, o, partiyanın işinə, milli müdafiə və hərbi quruculuğa, eləcə də yüksək rəhbər heyətin imicinə böyük ziyan vurub”, - deyə agentliyin ÇKP Hərbi Şurasının məruzəsinin mətnindən sitatında qeyd olunur.

Çin Xalq Respublikasının keçmiş müdafiə naziri (2018-2023-cü illər) Vey Fenqe də ciddi intizam pozuntularına yol verdiyinə görə partiyadan xaric edilib, onun ÇKP-nin 20-ci Milli Konqresinin nümayəndəsi statusu ləğv edilib.

ÇKP Mərkəzi Komitəsinin Hərbi Şurasının Vey Fenqenin işi ilə bağlı hesabatında bildirilir ki, o, təşkilati nizamı pozub. Eks-nazirin rüşvətxorluqda şübhəli bilindiyi qeyd olunur. Hesabatda onun üçüncü şəxslərdən hədiyyələr və “külli miqdarda pul” qəbul etdiyi də əksini tapıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu