Maduro: Müxalifət seçkiləri saxtalaşdırmağa çalışır
Venesuela prezidenti Nikolas Maduro müxalifətin iyulun 28-də keçiriləcək seçkiləri saxtalaşdırmağa çalışdığını bəyan edib.
Lara əyalətində təşkil edilən mitinqdə ictimaiyyətə müraciət edən Maduro Birləşmiş Demokratik Platformanın (PUD) çətiri altında birləşən müxalifətə irad bildirib.
İyulun 28-də keçiriləcək prezident seçkilərində qalib gələcəklərini bildirən Maduro, "Biz qalib gələcəyik və çox irəlidə bitirəcəyik. Bunu bilirlər, ona görə də seçki qutusunu saxtalaşdırmağa çalışırlar" deyib.
ABŞ-ın Venesuelaya tətbiq etdiyi birtərəfli sanksiyaları xatırladan Maduro, "Bəsdir. Venesuelaya qarışmayın. Bu cəsur xalqa zərər verməyin. Bu nəcib xalq onların gələcəyinin oğurlanmasına icazə verməyəcək. Ölkədə sülh olacaq" deyib.
Maduro ölkənin elektrik stansiyalarının müxalifətin hədəfində olduğunu və seçki günü stansiyalarda bütün təhlükəsizlik tədbirlərini görəcəklərini bildirib.
Qeyd edək ki, Venesuela xalqı iyulun 28-də yeni prezidenti seçmək üçün seçkiyə gedəcək. Seçkilərin prezident Nikolas Maduro ilə Qonzales arasında olacağı gözlənilir.