İtaliyada 33 Hindistanlı kənd təsərrüfatı işçisi “köləlikdən” xilas edilib


İtaliya polisi əməyi istismar edilən və köləlik şəraitində işləyən 33 miqrant kənd təsərrüfatı işçisini saxlandıqları fermadan xilas etdiklərini və bu insanların qorunma, iş imkanları və qanuni yaşayış sənədləri veriləcəyini açıqlayıb.



İtaliya polisi ölkənin şimalında köləlik şəraitində işləyən 33 Hindistanlı kənd təsərrüfatı işçisini xilas etdiklərini və işçilərin əməyini istismar etdiyi deyilən iki şübhəlidən təxminən yarım milyon avro ələ keçirdiklərini açıqlayıb. İtaliyada Hindistanlı mühacir kənd təsərrüfatı işçisinin işləyərkən qolu kəsildikdən sonra işəgötürən tərəfindən evinin yaxınlığında yolda buraxılmasından sonra ölkədəki işçilərin vəziyyəti bir daha gündəmə gəlib. Bu hadisədən sonra işəgötürən polis tərəfindən saxlanılıb.

“Reuters” xəbər agentliyinin məlumatına görə, İtaliya polisi bu gün son hadisə ilə bağlı açıqlama verib və bildirib ki, aralarında Hindistandan olanlar da daxil olmaqla quldur dəstəsi liderləri mövsümi iş icazəsi ilə Hindistandan İtaliyaya işçilər gətirərək hər birindən 17 min avro pul tələb ediblər və bu insanlara daha yaxşı gələcək vəd ediblər.

Bu sistemlə ölkəyə gətirilən işçilər daha sonra həftənin 7 günü, gündə 10-12 saat işlə təmin olunub və saatına cəmi 4 avro maaş alıblar. Digər tərəfdən bu şəxslərə borcları silinənə qədər sözügedən ödəniş verilməyib. Polis miqrant işçilərə qarşı bu münasibəti “köləlik” kimi qiymətləndirib. Polisin verdiyi açıqlamaya görə, bəzi miqrant işçilər daimi iş icazəsi üçün əlavə 13 min avro ödəmək üçün ödənişsiz işləməyə davam ediblər. Polis bu icazənin heç vaxt verilmədiyini qeyd edib.

İstintaq çərçivəsində əmək istismarında şübhəli bilinən şəxslərə qarşı “köləlik və əmək istismarı” ilə bağlı ittihamlar irəli sürülüb. Polis əməyi istismar edilən və köləlik şəraitində işləyən insanlara müdafiə, iş imkanları və qanuni yaşayış sənədləri veriləcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu