Yaponiyada qasırğa səbəbindən 850-dən çox aviareys təxirə salınıb


Yaponiyada “Ampil” qasırğasının yaxınlaşması ilə əlaqədar təxirə salınan uçuşların sayı 853-ə çatıb.


AFN.az xəbər verir ki, bu haqda yerli aviaşirkətlərin saytlarında bildirilib.

Ölkənin ən böyük daşıyıcıları JAL və ANA, əsasən Tokionun Haneda və Narita hava limanlarına uçan və ya gələn 650-yə yaxın reysi ləğv edib. Ləğv edilən daha 200 uçuş "Jetstar Japan", "Peach Aviation" və digərləri kimi aşağı büdcəli aviaşirkətlərin payına düşür.

NHK televiziyasının məlumatına görə, Tokionun qonşusu Çiba və Kanaqava prefekturalarının sahilyanı ərazilərindən keçən bir neçə xətt üzrə qatarların hərəkəti də dayandırılıb və ya azaldılıb. Şinkansen sürət qatarları da bəzi marşrutlarda işləməyəcək.

Bundan əlavə, paytaxt bölgəsində yolların bağlandığı və Tokio körfəzində bərə reyslərinin ləğv edildiyi bildirilir.
Meteoroloqların məlumatına görə, tayfun avqustun 16-da Yaponiyanın paytaxt regionunu vuracaq. Hazırda tropik tufanın keçdiyi ərazidə küləyin sürəti 45-60 m/s-ə çatır. Ona “çox güclü” statusu verilib. İnsanlar zərurət olmadıqca çölə çıxmamağa və fövqəladə təxliyə zamanı yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməyə çağırılır.

Yaxın 24 saat ərzində Yaponiyanın şərqində və şimal-şərqində 200 mm-dən 300 mm-ə qədər yağış yağa bilər. Milli Meteorologiya İdarəsi dağlıq ərazilərdə sürüşmə təhlükəsi barədə xəbərdarlıq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu