Zukerberq: Bayden administrasiyası koronavirusla əlaqəli məzmunu senzura etmək üçün təzyiq etdi

"Facebook"un sahibi olan "Meta Platforms"un baş direktoru Mark Zukerberq Bayden administrasiyasındakı yüksək səviyyəli məmurların pandemiya zamanı "Meta"ya koronavirusla əlaqəli məzmunu senzura etmək üçün təzyiq etdiyini və belə bir şeyin təkrarlanacağı təqdirdə buna qarşı çıxacağını söyləyib.
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Zukerberq dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının ədliyyə komitəsinə yazdığı məktubda daha əvvəl bu təzyiq barədə danışmadığına və müəyyən məzmunun silinməsi ilə bağlı verdiyi bəzi qərarlara görə təəssüfləndiyini bildirib.
Ədliyyə Komitəsinin "Facebook" səhifəsində paylaşılan məktubda Zukerberq “Ağ Ev rəsmiləri də daxil olmaqla Bayden administrasiyasındakı yüksək vəzifəli məmurlar, 2021-ci ildə yumor və satira da daxil olmaqla müəyyən koronavirus məzmununa senzura tətbiq etmək üçün komandalarımıza dəfələrlə təkrar-təkrar təzyiq göstərdilər və həmfikir olmadığımızda da qruplarımızdan çox şikayət etdilər" deyə yazıb.
“Hökumətin təzyiqi yanlış idi və təəssüf edirəm ki, biz bu barədə daha çox danışmadıq” deyən Zukerberq, “Hesab edirəm ki, əldə etdiyimiz təcrübə və yeni məlumatlarla bu gün qəbul etməyəcəyimiz qərarlar verdik" vurğulayıb.
Ağ Ev və Meta hələlik mövzu ilə bağlı sualları cavablandırmayıb.
Mənbə: Reuters