Braziliya prezidenti: Dünya İlon Maska dözmək məcburiyyətində deyil
Braziliya prezidenti Luiz İnasio Lula da Silva X-ın sahibi İlon Maskla bağlı bəyanat verərək, zəngin olduğu üçün dünyanın onun ifrat sağçı baxışlarına dözmək məcburiyyətində olmadığını bildirib.
"CNN Brazil" televiziyasına danışan Lula da Silva Braziliyada sosial media platforması X-ə giriş qadağası ilə bağlı açıqlamalar verib.
Lula da Silva Braziliya məhkəmə sisteminin X-ə girişi qadağan edərək əhəmiyyətli bir mesaj verdiyini deyib: "Dünya Musk zəngin olduğu üçün onun ifrat sağçı baxışlarına dözmək məcburiyyətində deyil".
Qeyd edək ki, Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı "çevriliş cəhdi" istintaqı çərçivəsində X-dən bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb edib. Tələb rədd edildikdən sonra məhkəmə X-ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib. Şirkət Braziliyaya ayrılan vaxt ərzində qanuni nümayəndə təyin etmədiyi üçün Braziliya Ali Məhkəməsi keçən həftə nümayəndə təyin olunana və cərimələr ödənilənə qədər X-ə giriş qadağası qoyulduğunu elan edib.