ABŞ iki şirkətə və 9 Rusiya gəmisinə qarşı sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki gəmiçilik şirkəti və onların gəmilərinə qarşı sanksiyalar tətbiq edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
“Qara siyahı”ya daxil olan şirkətlər Azov şəhərindən “More Reka Service” MMC və Həştərxandan “Vafa Topdan Satış Firması” MMC olub. Bundan başqa, "More Reka Service” quru yük gəmisi, iki “VAFA” quru yük gəmisi və “MG-Flot” şirkətinin dörd quru yük gəmisi üçün mövcud olan məhdudiyyətlər uzadılıb. ABŞ-ın daha əvvəl sanksiyalar tətbiq etdiyi "VAFA" və "MG"-Fleet şirkətinin dörd quru yük gəmisi də sanksiyalara daxil edilib. Gəmilər Rusiya bayrağı altında siyahıya alınıb.
Rusiyanın bəzi gəmiçilik şirkətlərinin sahibi rus Camaldin Paşayev və Rusiyada yaşayan İran vətəndaşı, İran Müdafiə Nazirliyinin Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi olduğu iddia edilən Ruhullah Katebiyə qarşı da məhdudiyyətlər tətbiq edilib.
Rəsmi Vaşinqtonun açıqlamasında bildirilir ki, Birləşmiş Ştatlar Rusiyaya İran komponentləri və silah sistemlərinin, o cümlədən pilotsuz uçuş aparatları və ballistik raketlərin tədarükünə də məhdudiyyətlər qoyub.