Telegram onun xidmət şərtlərini pozanların məlumatlarını səlahiyyətlilərlə paylaşacaq

"Telegram"ın təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durov "Telegram"ın məhkəmə orqanlarının qanuni tələblərinə uyğun olaraq xidmət şərtlərini pozan insanların IP ünvanlarını və telefon nömrələrini paylaşa biləcəyini açıqlayıb.
Durov "Telegram"da verdiyi açıqlamada platformanın ictimai kanalların və botların aşkarlanmasına imkan verdiyini, lakin bu funksiyanın qanunsuz məhsullar sataraq xidmət şərtlərini pozan insanlar tərəfindən sui-istifadə edildiyini bildirib.
Komandaların bu məsələ üzərində işlədiyini və tətbiqdə axtarış edildiyi zaman "problemli məzmuna artıq daxil olmaq mümkün deyil" deyən Durov, "Telegram"ın məxfilik siyasətinin sui-istifadənin qarşısını almaq üçün dəyişdirildiyini qeyd edib.
Xidmət şərtlərini pozan insanların IP ünvanları və telefon nömrələrinin müvafiq məhkəmə orqanlarından etibarlı qanuni tələblər əsasında paylaşıla biləcəyini izah edən Durov, bu yeniləmənin cinayətkarların qarşısını almaq məqsədi daşıdığını bildirib.
Durov bəyan edib ki, pis niyyətli insanların platformadan öz məqsədləri üçün istifadə etməsinə icazə verilməyəcək.
Mənbə: AA