Almaniya qış üçün Ukraynanın enerji sektoruna 70 milyon avro ayırıb


Almaniya Ukraynanı istilik və elektrik enerjisi ilə təmin etmək üçün 70 milyon avro dəyərində qış paketi ayıracaq.


Əlavə vəsaitdən istifadə etməklə paket Ukrayna şəhərlərini kiçik istilik elektrik stansiyaları, qazanxanalar, generatorlar və günəş sistemləri ilə təmin edəcək.

AFN.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya Ukrayna iqtisadiyyatını və müdafiə qüvvələrini məhv etmək, qışda insanları didərgin salmaq üçün Ukraynanın mülki enerji infrastrukturuna qəsdən hücum edir.

"Rusiya enerji təchizatına hücumları ilə ukraynalıları yormaq və ölkədən qovmaq istəyir. İstilik və elektrik Ukraynada, xüsusən qışda insanların yaşaması üçün həyati əhəmiyyət kəsb edir. Ukrayna buna müqavimət göstərir, lakin dəstəyə ehtiyacı var. Almaniya və bir çox müttəfiqlər bu məsələdə qətiyyətlidirlər”, - deyə almaniyalı nazir Svenya Şulze bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynanı mərkəzləşdirilməmiş şəkildə enerji təchizatını bərpa etməkdə dəstəkləyir, çünki o zaman Rusiya onu asanlıqla məhv edə bilməyəcək.

“Bu dəstək həmrəyliyin tələbidir, lakin bu, həm də Almaniyanın maraqlarına cavab verir, çünki Ukrayna bu müharibədə həm Avropada, həm də Almaniyada təhlükəsizliyimizi qoruyur”.

Nazirlik bildirib ki, son aylarda Rusiyanın Ukrayna elektrik stansiyalarına və elektrik ötürücü xətlərinə kütləvi hücumları istilik elektrik stansiyalarının 80%-nin və su elektrik stansiyalarının üçdə birindən çoxunun məhvinə səbəb olub, hücumlar isə davam edir.

70 milyon avroluq əlavə dəstək Ukrayna xalqını bu hücumların nəticələrindən qorumağa kömək edəcək. Kiçik miqyaslı istilik elektrik stansiyaları, qazanxanalar, generatorlar və günəş sistemləri vasitəsilə mərkəzləşdirilməmiş və çevik enerji istehsalını sürətlə genişləndirməklə, təsirə məruz qalan şəhər və qəsəbələrdə ən pis təsirlərin qarşısı alına bilər. İcma mərkəzləri, xəstəxanalar, məktəblər və digər sosial qurumlar daha təhlükəsiz və müstəqil enerji təchizatından faydalanır.

Yardım enerji və istilik təchizatı dağıntılar və kəsintilər nəticəsində ciddi şəkildə çətinləşən icmalara yönəldilir. Məcburi köçkünləri qəbul etmiş bələdiyyələrə xüsusi diqqət yetirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu