Pentaqon: Şimali Koreyanın Rusiyaya 10 minə yaxın əsgər göndərdiyinə inanırıq
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən verilən açıqlamada Şimali Koreyanın Rusiyaya əlavə olaraq təxminən 10 min əsgər göndərdiyinə inanıldığı bildirilib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini dəyərləndirib.
Şimali Koreyanın Rusiyaya göndərdiyi əsgərlərin ölkənin qərbinə gəldiyinə dair xəbərlər aldıqlarını qeyd edən Sinq, ABŞ-ın bu vəziyyətdən olduqca narahat olduğunu bildirib.
"Biz inanırıq ki, Şimali Koreya Rusiyanın şərqinə təlim keçmək üçün ümumilikdə 10 minə yaxın əsgər göndərib və bu əsgərlər yaxın bir neçə həftə ərzində Ukrayna yaxınlığındakı Rusiya qüvvələrini gücləndirəcək", - Sinq bildirib.
Sözügedən əsgərlərin Rusiyanın Kursk bölgəsinə gəldiyini təsdiqləməkdən yayınan Sinq, "Onların Kurska doğru hərəkət etməsi mümkündür, amma hələlik daha ətraflı məlumatım yoxdur" deyə qeyd edib.
Cənubi Koreya prezidenti Yoon Suk Yeol Nazirlər Kabinetinin iclasında çıxış edərək, sözügedən hadisələri ölkəsinə təhlükə kimi qiymətləndirib.
Yoon Rusiya və Şimali Koreya arasındakı hərbi əməkdaşlığı beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli təhlükəsizlik təhdidi adlandırıb.
Hər kəsi ayıq-sayıq olmağa çağıran Yoon "Bütün imkanları hərtərəfli dəyərləndirməli və əks tədbirlər hazırlamalıyıq" deyib.
Mənbə: AA