Çin qeyri-qanuni qayıqlar üçün mühərriklərin ixracını dayandırmalıdır - Britaniya

Böyük Britaniya Çindən Manş boğazını keçmək üçün qanunsuz miqrantların istifadə etdiyi şişmə qayıqlar üçün mühərriklərin ixracını dayandırmağı xahiş edib.
AFN.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti ölkənin Milli Cinayət Agentliyinə (NCA) istinadən xəbər verir.
Qeyd olunur ki, ötən ilin əvvəlində NCA əməkdaşları əksəriyyəti Çin istehsalı olan 450-yə yaxın aşağı güclü mühərrik ələ keçirib. Britaniya tərəfinin bildirdiyinə görə, mühərriklər əvvəlcə Türkiyəyə ixrac edilib, oradan isə qayıqların özləri ilə birlikdə Almaniyaya yönləndirilib. Nəşrin məlumatına görə, Böyük Britaniyaya qeyri-qanuni miqrasiya marşrutlarının təşkilatçılarının istifadə etdiyi mühərriklər və qayıqlar, bir qayda olaraq, Almaniyada saxlanılır.
Qəzet əlavə edib ki, Britaniya hüquq-mühafizə orqanları çinli həmkarlarını inandırmağa çalışırlar ki, Çin şirkətləri bu cür mühərrikləri ixrac etməklə faktiki olaraq cinayətkar qrupların fəaliyyətini təşviq edir və Böyük Britaniya sahillərinə çatmağa çalışan qeyri-qanuni immiqrantların özlərinin həyatını təhlükəyə atırlar.