Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı İrana məlumat sızdırdığını etiraf edib
ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitiki vəzifəsində çalışmış hökumət rəsmisi İsrailin İrana qarşı cavab planlarını sızdırmaqda günahını etiraf edib.
İsrailin İrana qarşı cavab planlarını sızdırmaqda ittiham olunan 34 yaşlı Asif Rəhman bu gün Virciniya ştatında federal məhkəmədə hakim qarşısına çıxıb.
Milli müdafiə məlumatlarının sızdırılması ilə bağlı iki ayrı ittihamı əvvəlcə rədd edən Rəhman, dinləmə zamanı fikrini dəyişib və ittihamları qəbul etdiyini söyləyib.
Rəhman etiraf edib ki, İsrailin cavab hücum planlarına dair iki məxfi sənədə daxil olub, onları çap edib öz iqamətgahına aparıb, sonra sənədlərin rəqəmsal versiyalarını onları qəbul etməyə haqqı olmadığını tanıdığı çoxlu sayda insana göndərib.
İşə nəzarət edən ABŞ-ın rayon hakimi Patrisiya Tolliver Giles hökmün elanını mayın 15-nə təyin edib.
Rəhmanı Casusluq Aktı ilə 20 ilə qədər həbs cəzası gözləyir, lakin onun prokurorlarla əməkdaşlığı cəzanın azaldılmasına səbəb ola bilər.
Xatırladaq ki, 2016-cı ildən MKİ-də çalışan ABŞ vətəndaşı Rəhman noyabrın 13-də Kambocada saxlanılaraq Quam adalarına, oradan da Virciniyaya gətirilib.
Qeyd edək ki, Rəhmanın məxfi məlumat sızdırması məlumatın "Telegram" tətbiqində bir kanalda paylaşılmasından sonra ortaya çıxıb və bu məlumatda İsrailin 1 oktyabr 2024-cü ildə İranın raket hücumlarına cavab vermək üçün hərbi hazırlıq gördüyünü göstərilib.