“Quş qripi” yumurtanın qiymətini artırdı - 100 min yumurta oğurlandı
ABŞ-ın Pensilvaniya ştatında supermarketdən 100 min yumurta oğurlanıb. Quş qripi hallarının artması səbəbindən yumurta qiymətlərinin artması oğruların yeni hədəfinə çevrilib.
Fevralın 1-də ABŞ-ın Pensilvaniya ştatındakı "Pete & Gerry's Organics" adlı ərzaq mağazasında böyük oğurluq hadisəsi baş verib. Polis rəsmiləri pikapın arxasından 100 min yumurtanın oğurlandığını bildiriblər. Oğurlanan yumurtaların bazar dəyərinin 40 min dollar olduğu qeyd edilib.
Son vaxtlar quş qripi epidemiyası ilə əlaqədar yumurtanın qiymətində ciddi artım müşahidə olunur. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son bir ildə yumurtanın qiyməti 65 faiz artıb. Nazirlik 2025-ci ildə qiymətlərin daha 20 faiz artacağını gözləyir.
Məsələn, ABŞ-ın məşhur “Waffle House” restoranlar şəbəkəsi yumurtanın bahalaşması ilə əlaqədar müştərilərindən yumurta üçün əlavə 0,50 dollar almağa başlayıb. Şirkət əlavə ödənişin müvəqqəti və yumurta qiymətlərinin görünməmiş artımı ilə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-da 2022-ci ildən bəri davam edən quş qripi epidemiyası son aylarda daha da yayılmağa başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, təkcə dekabr ayında yumurtanın qiyməti 8 faizdən çox artıb.
2023-cü ilin dekabr ayında bir karton yumurtanın orta qiyməti 2,51 dollar olduğu halda, bir il sonra bu rəqəm 4,15 dollara yüksəlib. Bildirilir ki, bahalaşma ilə əlaqədar bəzi marketlərdə yumurta keçidləri boşdur.
Quş qripi ABŞ-da təkcə ev quşlarını deyil, mal-qaranı və bəzi məməliləri də təsir edir. Bununla belə, ekspertlər onun insanlara yoluxma ehtimalının çox aşağı olduğunu deyirlər.
ABŞ-da artan yumurta böhranı həm iqtisadi, həm də ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli bir problem olaraq önə çıxır. Önümüzdəki dövrdə qiymətlərin necə formalaşacağı maraqla gözlənilir.