Avropanın paytaxtında hökumətsiz 8 aydan sonra təhlükəsizliklə bağlı narahatlıqlar yaranıb


NATO-nun və eləcə də Avropa İttifaqının (AB) qurumlarının yerləşdiyi Brüsseldə üç gündə dörd silahlı toqquşma ilə təhlükəsizlik problemləri yaranarkən, bütün gözlər səkkiz aydır davam edən hökumət boşluğuna və narkotiklərlə daha geniş mübarizəyə yönəlib.



Brüssel keçən həftə üç gündə dörd silahlı hücumla sarsılıb.

Bütün bu hücumlar Brüsselin təhlükəsizlik riskləri ilə tanınan mərkəzi rayonu olan və əsasən yoxsul insanların və mühacirlərin yaşadığı Anderlextdə baş verib. Hadisələrdə bir nəfər ölüb.

Avropanın paytaxtında ictimai asayişin təmin edilməsi məsələsi gündəmin əsas prioritetinə çevrilib.

İnsidentlərdən birincisi fevralın 5-də səhər saatlarında Anderlextdəki Klemenso metro stansiyası yaxınlığında iki maskalı şəxsin küçədə “Kalaşnikov” tipli silahlardan atəş açması ilə başlayıb.

İkinci atışma fevralın 6-da səhər tezdən Aİ institutlarının yerləşdiyi Şuman meydanına piyada məsafədə yerləşən Sen-Xosse rayonunda baş verib və hadisə nəticəsində iki nəfər yaralanıb.

Həmin gecə Klemensoda növbəti silahlı qarşıdurma baş verib.

Nəhayət, fevralın 7-də Anderlextin hər biri 10 mərtəbəli 18 binadan ibarət və Brüsselin əsas narkotik ticarət mərkəzinə çevrilmiş Peterbos sosial yaşayış məhəlləsində səhər tezdən atışma nəticəsində bir nəfər ölüb.

Hücum edənlərin küçədə atəş açdığı, metro stansiyasına qaçaraq tunellərə girərək gözdən itdiyi anlar sosial mediada geniş yayılıb və Brüssel sakinlərinin yaddaşına həkk olunub.

Prokurorluqdakı mənbələr bildiriblər ki, baş verənlər bir-birinə rəqib olan narkotik dəstələri arasında qarşıdurmaya işarə edir.

Federal prokurorluğun açıqlamasının ilk hadisədən bir neçə gün sonra verilməsi bu proses zamanı siyasi fiqurlardan aydın, güclü və koordinasiyalı mesajın olmamasına diqqət çəkib və eyni zamanda şəhər idarəçiliyində struktur çatışmazlığını ortaya çıxarıb.

Qeyd edək ki, Belçikada ümumi polis qüvvəsi və ya komandanlığı yoxdur. İctimai asayişin qorunması hər bir bələdiyyənin öz hüquq-mühafizə qüvvələrinin üzərinə düşür.

Fevralın 3-də səkkiz aylıq danışıqlardan sonra qurulan federal hökumətin bunu dəyişdirmək planı var, lakin bələdiyyələr buna büdcələrindəki ixtisarlara və gücünü itirəcəklərinə görə qarşı çıxırlar.

Bundan əlavə, Belçikanın federal sistemlə idarə olunan altı hökumətindən biri olan Brüssel Regional Hökuməti hələ də yaradılmayıb.

2024-cü il iyunun 9-da keçirilən seçkilərdən səkkiz ay keçsə də, paytaxt bölgəsini idarə edəcək hökumətin mümkün tərəfdaşlarının kim olacağı ilə bağlı hələlik razılıq əldə olunmayıb.

Brüssel-Paytaxt Bölgəsi seçkilərində Liberal yöndə Frankofoniya MR Partiyası qalib gəlsə də, təkbaşına hökumət qurmaq üçün kifayət qədər yer qazana bilməyib.

Təhlükəsizlik problemlərinin artmasına səbəb kimi hökumətin olmaması da göstərilsə də, hökuməti qurma vəzifəsini üzərinə götürən MR lideri David Leisterh bu həftədən etibarən bütün tərəflərlə məsləhətləşmələrə başlayacağını açıqlayıb.

Qeyd edək ki, narkotik ticarəti və istifadəsi baxımından Belçika Avropada üst sıralarda yer tutur.

Belə ki, Antverpendə yerləşən ölkənin ən böyük və Avropanın ikinci ən böyük limanı Latın Amerikasından Avropaya kokain ticarəti üçün mərkəzə çevrilib. 2023-cü ildə limana 121 ton kokain gəlib və Avropada rekord qırıb.

Antverpen limanı ilə yanaşı, Brüssel Beynəlxalq Hava Limanı da əhəmiyyətli bir nöqtə olaraq ortaya çıxmağa başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu