Kostas Tasulas Yunanıstanın yeni prezidenti seçilib
![](/uploads/posts/2025-02/kasulas.jpg)
Yunanıstan parlamenti Baş nazir Kiriakos Mitsotakisin namizədliyini irəli sürdükdən sonra parlamentin keçmiş sədri Kostas (Konstantinos) Tasulası prezident seçib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, ölkənin əsas qanunverici orqanında keçirilən səsvermənin dördüncü turunun nəticələrinə əsasən Yunanıstan prezidenti Kostas Tasulas seçilib. Seçki prosesi Yunanıstanın parlament televiziyası Vouli tərəfindən canlı yayımlanıb.
Yanvarın 25 və 31-də və fevralın 6-da keçirilən səsvermənin ilk üç turu uğursuz olub. Səsvermənin birinci və ikinci turunda Yunanıstan prezidentinin seçilməsi üçün üçdə iki səs çoxluğu (300 yerlik parlamentdə 200 səs), üçüncüdə isə beşdə üç səs çoxluğu (180 səs) tələb olunurdu. Hər üç turda 160 parlamentari Tasulasa səs verib. Dördüncü turda prezident 151 səs çoxluğu ilə seçilir. Tasulasın namizədliyini irəli sürən hakim Yeni Demokratiya partiyasının ölkənin ali qanunverici orqanında 156 parlament üzvü var.