AK Trampa cavab verdi: Müharibəni Rusiya başlayıb

ABŞ prezidenti Donald Trampın bəyanatlarından sonra Avropa Komissiyası Rusiyanın təcavüzkar ölkə olması faktını şübhə altına almadığını təsdiqləyib.
AFN.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının xarici siyasət məsələləri üzrə mətbuat katibi Anita Hipper deyib.
AK rəsmisindən ABŞ prezidenti Donald Trampın "Ukrayna müharibəyə başlamamalı idi" şərhinə münasibət bildirmələri istənilib.
“Bu vəziyyətdə təcavüzkarın kim olduğu tamamilə aydındır. Müharibəyə başlayan Rusiya idi. Bu, əvvəllər Gürcüstanda, Suriyada, Ukraynada gördüklərimizin davamıdır. Buna görə də burada günahkar Rusiyadır”, - deyə Anita Hipper qeyd edib.
O, əlavə edib ki, Aİ Ukraynanın ərazi bütövlüyünün bərpasının tərəfdarıdır: "Ukraynanın suverenliyinə və müstəqilliyinə hörmət etmək vacibdir, Ukrayna ilə bağlı hər bir qərarın Ukrayna və Aİ-nin iştirakı ilə hazırlanması vacibdir. Ukraynanın təhlükəsizliyi Avropa İttifaqının təhlükəsizliyidir".