Cənubi Koreya anti-Rusiya sanksiyalarından yayınmağa qarşı mübarizəni gücləndirəcək

Cənubi Koreya Respublikasının dövlət qurumları ixrac nəzarətindən yayınma ilə mübarizədə koordinasiyanı gücləndirəcək.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat yayıb.
Fevralın 28-də ixrac nəzarəti qaydalarının tətbiqi ilə bağlı işçi qrupunun iclası keçirilib. Qeyd edək ki, işçi qrupu 2023-cü ildə Ukraynada münaqişənin başlanmasından sonra ixraca nəzarət qaydalarının ciddi şəkildə həyata keçirilməsi ehtiyacına cavab olaraq ticarət, xarici işlər, maliyyə və gömrük nazirlikləri kimi dövlət qurumları arasında birgə araşdırmalar və məlumat mübadiləsi üçün yaradılıb.
İşçi qrupun hesabatında bildirilir ki, 2024-cü ildə 121, 2023-cü ildə isə 83 ixrac nəzarəti pozuntusu faktı müəyyən edilib. "Ticarət Departamenti və digər qurumlar öz səylərini ixrac nəzarətini pis niyyətli pozanların müəyyən edilməsinə, üçüncü ölkələr vasitəsilə ixrac qaydalarından yayınma hallarının müəyyən edilməsinə yönəltməyi və mühüm strateji malların, o cümlədən dəzgahlar və yarımkeçirici avadanlıqların qanunsuz dövriyyəsinin qarşısını almaq üçün araşdırma və pozuntularla mübarizə səylərini artırmağı planlaşdırır", - deyə sənəddə qeyd edilir.
Cənubi Koreya səlahiyyətliləri həmçinin kiçik və orta bizneslə bağlı təbliğat işlərini genişləndirməyi planlaşdırır. “Milli təhlükəsizliyi təhdid edə biləcək qabaqcıl məhsulların, o cümlədən strateji malların qeyri-qanuni ixracının qarşısını almaq üçün qurumlararası əməkdaşlığı gücləndirin”, - deyə ticarət naziri Conq İn-qyo işçi qrupun üzvlərinə tapşırıq verib.