Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı ilk tədbir keçirilib - FOTOLAR

Martın 1-də “Çapar – Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin ilk tədbiri keçirilib.
AFN.az xəbər verir ki, milli irsin tədqiqi və təbliği istiqamətində fəaliyyət göstərən təşkilat “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını” əsas alaraq ölkənin ilk Üzeyir Hacıbəyli yubiley tədbirini təşkil edib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Üzeyir Hacıbəylinin publisistik fəaliyyətindən bəhs edib, onun irsinin Azərbaycan tarixindəki əhəmiyyətinə toxunub.
Bəstəkar Firudin Allahverdi Üzeyir bəyin Azərbaycan modern musiqisinin yaradıcısı kimi əsərlərini təhlil edib, dövlət himni ilə bağlı fikirlərini bölüşüb.
Təşkilatın sədri, tarixçi Dilqəm Əhməd təsisçisi olduğu ictimai birliyin məqsədləri haqqında məlumat verib, azərbaycanlı mühacirlərin Üzeyir bəyin irsinə olan diqqətlərini ön plana çəkib.
Tədbirdə iştirak edən Türkiyənin Bakıdakı səfirinin müşaviri Cihangir İşbilir iki dövlət arasındakı mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyindən danışıb.
Tədbirdə professor Qulu Məhərrəmli, professor Ədalət Tahirzadə, Rəşid Behbudov fondunun rəhbəri Kamil Şahverdi, tədqiqatçı-alim Abid Tahirli Üzeyir bəyin əsərlərinin milli irsimiz üçün əhəmiyyətindən bəhs ediblər.
Sonda iştirakçılar Üzeyir bəyin irsinə aid nadir materiallarla tanış olublar.