Antarktidada ozon dəliyi sağalır: 10 ildən sonra yox ola bilər

Alimlər Antarktida üzərindəki ozon dəliyinin insan səyləri sayəsində sağaldığını təsdiqləyiblər.
Stratosferdə təbii olaraq yaranan ozon yeri günəşin zərərli ultrabənövşəyi (UV) şüalarından qoruyan qalxan rolunu oynayır. Ancaq 1985-ci ildə Antarktida üzərində sentyabr-dekabr ayları arasında aydın olan bir ozon dəliyi kəşf edilib. Bu mövsümi seyreltmə daha çox zərərli UV şüalarının səthə çatmasına imkan verdi və dəri xərçəngi kimi sağlamlıq problemlərinə səbəb olub.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasında çalışan alim Susan Solomon və onun komandası apardıqları araşdırmalar nəticəsində bu dəliyin xloroflorokarbonlar (CFC) hesabına əmələ gəldiyini müəyyən ediblər. CFC-lər kondisioner, soyuducu sistemlər və aerozol spreylərində geniş istifadə olunur. 197 ölkənin imzaladığı Monreal protokolu çərçivəsində bu zərərli qazların mərhələli şəkildə qadağan edilməsinə qərar verilib.
Son illərdə aparılan müşahidələr ozon dəliyinin daraldığını göstərsə də, xüsusən də sentyabr ayında alimlər bu yaxşılaşmanın dəqiq səbəbini müəyyən etməkdə ehtiyatlı davranıblar. Solomon CFC-lərin azalmasınınmı yaxud El Nino və qütb burulğanı kimi təbii proseslərin daralmaya səbəb olub-olmadığını müəyyən etməyin çətin olduğunu qeyd edib.
Bununla belə, Massaçusets Texnologiya İnstitutundan (MIT) Peydonq Vanq və onun komandası “Nature” elmi jurnalında dərc olunmuş yeni araşdırmalarında ozon təbəqəsindəki yaxşılaşmanın birbaşa insan müdaxiləsi ilə bağlı olduğunu sübut ediblər. Tədqiqatçılar müxtəlif ssenarilər üzrə atmosfer simulyasiyaları həyata keçirərək ozon təbəqəsindəki dəyişikliklərin səbəblərini öyrəniblər.
Real peyk müşahidələri ilə müqayisələr cəmiyyətlərin gördüyü tədbirlər sayəsində ozon dəliyinin sağaldığını təsdiqləyib.
"95 faiz əminliklə deyə bilərik ki, ozon dəliyi sağalır. Bu, gözəl inkişaf və ekoloji problemləri həll edə biləcəyimizin sübutudur", - Solomon deyib.
Alimlər hesab edirlər ki, hazırkı bərpa prosesi davam edərsə, ozon dəliyi 10 il ərzində tamamilə bağlanacaq.