Tramp: Qrenlandiya gələcəkdə Birləşmiş Ştatların bir hissəsinə çevrilə bilər

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Qrenlandiya gələcəkdə Birləşmiş Ştatların bir hissəsinə çevrilə bilər.
Ağ Evdə Nazirlər Kabinetinin iclasından sonra o, ABŞ vitse-prezidentinin xanımı Uşa Vensin başçılıq etdiyi Amerika nümayəndə heyətinin Qrenlandiyaya planlaşdırılan səfərini şərh edib.
"O, çox gözəl xanımdır və Qrenlandiya anlayışını bəyənir, ona görə də ora gedir. Düşünürəm ki, ABŞ dövlət katibi Marko Rubio və başqaları da ora getməyə hazırlaşırlar. Bizi ora qrenlandiyalılar dəvət etdilər və onlar bu ideyanı çox bəyəndilər, çünki onlar bir növ tərk edilmişdilər, bildiyiniz kimi, onlara qarşı yaxşı münasibət göstərilməmişdir. Və mən hesab edirəm ki, Qrenlandiya bizim gələcəyimizdə ola biləcək bir şeydir. Məncə, bu, vacibdir. Bu, beynəlxalq təhlükəsizlik baxımından vacibdir. Qrenlandiya ətrafındakı gəmilərə nəzər salsanız, Rusiya, Çin, çoxlu müxtəlif insanlar və çoxlu müxtəlif yerlər var və bu, olduğu kimi davam edə bilməz. Mən bunu yekunlaşdıracağam", - deyə Tramp bildirib.