ABŞ ordusunun 3 əsgəri Litvada bataqlıqda qalmış zirehli maşında ölü tapıldı

ABŞ Avropa və Afrika Komandanlığı Litvada zirehli xilasetmə maşınının bataqlıqda ilişib qalması nəticəsində itkin düşən 4 əsgərdən 3-nün ölü tapıldığını açıqlayıb.
ABŞ Avropa və Afrika Komandanlığının internet saytında verilən açıqlamada bataqlıqdan çıxarılan avtomobildə 3 əsgərin ölü tapıldığı, itkin düşmüş dördüncü əsgərin axtarışlarının davam etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, ABŞ, Litva və Polşa qüvvələri, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıclarının iştirak etdiyi çoxmillətli axtarış işləri nəticəsində 63 tonluq hərbi maşın batdığı yerdən çıxarılıb.
ABŞ ordusundan verilən açıqlamada Litva personalı ilə ortaq axtarış əməliyyatlarının davam etdiyi və NATO-nun da səylərə töhfə verdiyi ifadə edilib.
Xatırladaq ki, martın 25-də 3-cü Piyada Diviziyasının 1-ci Zirehli Briqada Döyüş Komandasının əsgərlərinin hərəkətsiz bir taktiki maşını çəkməyə çalışarkən yoxa çıxdığı, ertəsi gün isə bataqlıq ərazisinə yaxın ərazidə M88A2 Hercules tipli maşının təxminən 4,5 metr dərinlikdə su və palçıq içində batmış vəziyyətdə tapıldığı açıqlanıb.
Qeyd edək ki, ABŞ qüvvələri mütəmadi olaraq Litvada NATO müttəfiqləri ilə birgə təlimlərdə iştirak edir.