KİV: Çin diqqəti Kanada neftinə yönəldib

Çin neft emalı zavodları Vaşinqtonla ticarət qarşıdurması fonunda ABŞ xam neftinin alışını təxminən 90% azaldıb, eyni zamanda Kanada neftinin idxalını rekord səviyyəyə çatdırıb.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Ticarət müharibəsini nəzərə alsaq, Çinin ABŞ-dan neft alışını artırması ehtimalı azdır. Onlar təkcə Rusiyadan və ya Yaxın Şərqdən gələn tədarüklərə bel bağlamayacaqlar - Kanadadan gələn hər hansı tədarük yaxşı xəbər kimi qiymətləndiriləcək", - deyə Kanada-Çin Enerji Forumunun prezidenti Jiang Venran agentliyə müsahibəsində bildirib.
"Bloomberg"in məlumatına görə, Çinin ABŞ-dan neft idxalı iyunda 29 milyon barelə çatan zirvədən ayda 3 milyon barrelə düşüb, Kanadanın tədarükü isə martda rekord həddə 7,3 milyon barelə çatıb və apreldə daha da arta bilər. Kanadanın neft tədarükünün artması ötən ilin may ayında fəaliyyətə başlayan və Albertadakı yataqları Britaniya Kolumbiyası sahilləri ilə birləşdirən Trans Mountain boru kəmərinin genişləndirilməsinin işə salınması ilə mümkün olub.
Agentlik qeyd edir ki, Kanada müasir Çin neftayırma zavodları üçün uyğun olan nisbətən ucuz, yüksək kükürdlü xam neft təklif edir. Eyni zamanda, İraq və digər Yaxın Şərq ölkələrindən gələn oxşar növlər daha bahalı olaraq qalır və bu, Kanada tədarüklərini Pekin üçün cəlbedici hala gətirir.