ABŞ və Ukrayna yerin təki sazişi üzrə işləri bu ay başa çatdırmaq niyyətindədir

Vaşinqton və Kiyev aprelin 26-dək yerin təki sazişi üzrə işləri başa çatdırmaq niyyətindədir və bu məqsədlə Ukraynanın baş naziri Denis Şmıqal gələn həftə ABŞ-a gedəcək.
AFN.az xəbər verir ki, iki ölkə arasında bağlanmış memorandum Ukrayna Nazirlər Kabinetinin saytında dərc olunub. Mamoranduma görə, Ukraynanın baş naziri Denis Şmıxal gələn həftə ABŞ-ın maliyyə naziri Skot Bessent ilə görüşmək üçün Vaşinqtona səfər edərək, Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasına dair sazişin yekun şərtlərini müzakirə edəcək. Danışıqlarda iştirak edən tərəflər yerin təki sazişi üzrə işləri aprelin 26-dək başa çatdırmaq niyyətindədirlər.
Sənəd bir səhifədən ibarətdir və tərəflərin iqtisadi əməkdaşlıq və investisiya fondunun yaradılması haqqında yekun saziş imzalamaq niyyətini qeyd edir. Bu əməkdaşlığın təfərrüatları, eləcə də investisiya fondunun işi ayrıca müfəssəl müqavilədə qeyd olunacaq.
Nəzərdə tutulur ki, yekun sazişi imzalayarkən tərəflər Ukraynanın Avropa İttifaqına daxil olmaq üzrə öhdəlikləri, eləcə də müxtəlif kreditorlar qarşısında öhdəlikləri ilə bağlı ziddiyyətlərdən qaçacaqlar. Sənəddə həmçinin ABŞ-ın Kiyevə əhəmiyyətli yardım etdiyi qeyd olunsa da, Ukraynanın Vaşinqtona borcu ilə bağlı maddə yoxdur.
Sənəddə həmçinin qeyd olunur ki, tərəflər beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Budapeşt memorandumu çərçivəsində Ukraynanın nüvə arsenalından imtina etmək qərarını nəzərə alırlar. Lakin memorandumda Kiyev üçün təhlükəsizlik təminatlarından bəhs edilmir.