Sikorskidən Rusiyaya irad: Kifayət qədər torpağınız yoxdur?

Polşanın xarici işlər naziri Radoslav Sikorski qonşu Ukraynada davam edən müharibəyə diqqət çəkərək, Rusiyaya “Torpaqlarınız kifayət deyilmi?” sualını verib.
Nazir Sikorski milli parlamentdəki çıxışında ölkəsinin sərhədləri boyunca müharibə təhdidləri ilə üz-üzə qaldığını və Qərb birliyinin parçalana biləcəyindən narahat olduğunu bildirib.
Sikorski çıxışında Rusiyanı Ukraynaya hücumlarını davam etdirdiyi üçün sərt şəkildə tənqid edərək, "Kifayət qədər torpağınız yoxdur? 11 saat qurşağı hələ də kifayət deyilmi?" deyərək sərt reaksiya verib.
Ukraynadakı hadisələrin gedişi ilə bağlı ölkəsindəki narahatlıqlara toxunan Sikorski "Narahatlıq Polşada evlərə yerləşib. Biz də Rusiyanın təcavüzü riski altındayıq? Avropa ilə ABŞ arasında münasibətlər böhrana doğru gedirmi? Avropa müdafiə qabiliyyətini sürətlə inkişaf etdirə bilərmi?" ifadəsini işlədib.
Rusiya imperializminin düşməni olduqlarını qeyd edən Sikorski "Burada bir daha hökmranlıq etməyəcəksiniz. Nə Kiyevdə, nə Vilnüsdə, nə Riqada, nə Tallinndə, nə də Kişinyovda. Bu günlərdə Rusiya prezidenti Vladimir Putinə qarşı siyasətimiz belədir və başqa siyasətimiz olmayacaq" deyib.
Qeyd edək ki, NATO-nun şərq cinahında yerləşən Polşa hökuməti Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləyir. Ukrayna coğrafi cəhətdən Polşanın cənub-şərqində yerləşir.