Avstraliyada koalalar helikopterdən açılan atəşlə öldürüldü: Yüzlərlə bala tək qaldı

Avstraliyanın Viktoriya əyalətində həyata keçirilən hava yolu vasitəsi ilə koalaların məhv edilməsi yüzlərlə koala balasını anasız qoyub. Heyvan hüquqları müdafiəçiləri müstəqil araşdırma aparmağa çağırırlar.
Aprelin əvvəlində Viktoriya əyalətindəki Budj Bim Milli Parkında başlayan və indiyədək təxminən 700 koalanı məhv edən əməliyyat ictimaiyyətin kəskin reaksiyasına səbəb olub.
Heyvanları müdafiə edən təşkilatlar əməliyyatdan sonra bir çox körpə koalanın anasız qaldığını və bu vəziyyətin onların sağ qalmalarını təhdid etdiyini bildirib.
Səlahiyyətlilər bölgədəki meşə yanğınlarının 2 min hektardan çox təbii yaşayış sahəsini məhv etdiyini, koalaların aclıq, susuzluq və ciddi xəsarətlərlə üzləşməsinə səbəb olduğunu iddia edərək, məhv edilməsini müdafiə edir.
Lakin əməliyyatın helikopterdən atəş açılaraq həyata keçirilməsi etirazları daha da artırıb.
Heyvan hüquqları müdafiəçiləri deyirlər ki, helikopterdən aparılan müşahidələr qeyri-kafidir və təxminən 30 metr hündürlükdən edilən qiymətləndirmələr sağlam koalaların, hətta balaları olan anaların səhvən hədəfə alınmasına səbəb ola bilər.
Melburnda yerləşən “Yerin Dostları” ətraf mühit qrupu məhv edilmənin dayandırılmasını və müstəqil müşahidəçilərin əraziyə girişinə icazə verilməsini istəyib və “helikopterlərdən atəş açmaq son çarə olmalıdır” deyib: "Avstraliyada ilk dəfədir ki, koala helikopter atəşi nəticəsində öldürülür. Bu təcrübə etik cəhətdən təhlükəli presedent yaradır".
Oxşar üsullar bəzən Avstraliyanın milli parklarında vəhşi at və maral populyasiyalarını balanslaşdırmaq üçün istifadə olunur. Lakin koalalar üçün bu cür müdaxilə olduqca qeyri-adi hesab olunur.
Ətraf mühit təşkilatları Budj Bim-dəki məhv edilmə sahəsinin yanğın təhlükəsi səbəbindən bağlandığını, yollara maneələrin və təhlükəsizlik kameralarının quraşdırıldığını bildirib.
Heyvanları müdafiə edən "Koala Alliance" adlı qrup "Ağaclardan vurulan koalaların balaları aclıqdan və ya xarici amillərdən ölməyə tərk edilir. Bu həm qəddar, həm də qeyri-insanidir" deyib.
Açıqlamada öldürülən koalaların əksəriyyətinin parkın yaxınlığındakı mavi saqqız ağacları plantasiyasından gəldiyi bildirilib.
Viktoriya Əyalət baş naziri Yakinta Alan bu təcrübəni müdafiə edərək, "Vəhşi təbiət mütəxəssisləri və baytarların qiymətləndirmələrinə uyğun olaraq, heyvanların çox əziyyət çəkdiyi müəyyən edilib. Bu üsulun ən humanist həll yolu olduğu qənaətinə gəldik" deyib.
Bununla belə, ekoloqlar bu qərarın müstəqil şəkildə araşdırılmalı olduğunu vurğulayırlar. Onlar həmçinin heyvan sağlamlığı mütəxəssislərini və alimləri prosesə cəlb etməyə çağırırlar.
Müzakirə həmçinin Avstraliyada koala populyasiyasının üzləşdiyi ümumi təhlükəyə diqqət çəkir. Koalalar Kvinslend, Yeni Cənubi Uels və Avstraliya Paytaxt Ərazisində nəsli kəsilməkdə olan növlər arasındadır. Meşələrin qırılması, əkinçilik sahələrinin genişləndirilməsi və tez-tez baş verən yanğınlar bu növün yaşayış yerini günü-gündən daraldır.