Baydenin səs yazıları məxfi sənədlər davasında yayımlanacaq

Tramp administrasiyası Baydenin yaddaş problemlərini göstərən audioyazıları yaymağa hazırlaşır
AFN.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası məxfi sənədlərlə bağlı istintaq çərçivəsində keçmiş prezident Co Baydenlə xüsusi prokuror Robert Heur arasında aparılmış söhbətlərin audioyazılarını ictimailəşdirməyə hazırlaşır.
"The New York Times"ın məlumatına görə, bu səs yazıları gələn həftə yayıla bilər. Bildirilir ki, əvvəlki administrasiya belə materialların açıqlanmasının gələcək istintaqlara maneə ola biləcəyini əsas gətirərək paylaşmaqdan imtina etmişdi.
Xatırladaq ki, 2024-cü ilin fevralında aparılan istintaq nəticəsində xüsusi prokuror Robert Heur Baydenin məxfi sənədləri qəsdən saxladığına dair sübutlar olsa da, ona qarşı rəsmi ittiham irəli sürməməyə qərar verib. Hesabatda qeyd olunub ki, Bayden ifadə zamanı yaddaş problemləri göstərib və şəxsi tərcümeyi-halından mühüm tarixləri xatırlaya bilməyib.
Qeyd edək ki, 2023-cü ilin yanvarında Vaşinqtonda Baydenlə əlaqəli beyin mərkəzinin binasında onun vitse-prezident olduğu dövrə (2009-2017) aid məxfi sənədlər tapılıb. Daha sonra Delaver ştatındakı evində də oxşar materiallar aşkarlanıb.