Almaniyada radikal sağçı terror təşkilatına qarşı əməliyyatda 5 şübhəli saxlanılıb


Almaniyada radikal sağçı terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı Almaniya vətəndaşı olan 5 nəfərin saxlanıldığı bildirilib.



Federal Baş Prokurorluğun yaydığı açıqlamaya görə, ölkənin 4 müxtəlif federal əyalətində yerləşən 13 evə edilən basqınlar nəticəsində Benjamin H., Ben-Maxim H., Jerome M., Lenny M. və Jason R. adlı şəxslər həbs olunub.



Saxlanılanların yaşlarının 14 ilə 18 arasında dəyişdiyi, onlara qarşı terror təşkilatına üzv olmaq, təşkilata yardım və dəstək vermək, adam öldürməyə cəhd və qəsdən yanğın törətmə kimi ittihamların irəli sürüldüyü qeyd olunub.



Sözügedən radikal sağçı Alman vətəndaşlarının 2023-cü ildə yaradılmış "Son Müdafiə Dalğası" (Letzte Verteidigungswelle) adlı terror təşkilatının üzvləri olduqları və özlərini "Alman millətini qorumaq üçün son çıxış yolu" kimi təqdim etdikləri bildirilib.



İstintaq zamanı müəyyən olunub ki, bu şəxslər əsasən miqrantlara və siyasətçilərə qarşı zorakı aksiyalar planlaşdırıb, qaçqın düşərgələrinə hücumlar təşkil ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu